Nazirlik şagirdlərin yaxasına “Georgi lenti” taxan məktəb direktoru barədə nə fikirləşir? - FOTOLAR
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü ilə bağlı tədbir keçirilən tədbirdə iştirak edən şagirdlərin sinəsinə Rusiya imperiyasını simvolizə edən "Georgi lenti”nin yapışdırılması ilə bağlı görüntü yayılıb.
Tehsil.biz xəbər verir ki, yayılan iddialar ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.
Maraqlısı isə odur ki, məsələ ilə bağlı Təhsil Nazirliyi hələ də heç bir fikir bildirməyib.
Sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.
K.Qədirova 4 noyabr 1963-cü ildə anadan olub. Bitirdiyi təhsil müəssisəsi Şuşa Mədəni-maarif məktəbi, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutudur. İlk fəaliyyəti 1983-cü ilin 17 noyabr tarixinə təsadüf edir.
Hazırda "Georgi lenti" qalmaqalı ilə gündəmdə olan Kəmalə Qədirova 17-21 oktyabr 2011-ci il tarixində Doğu Akdeniz Universitetində “Curriculum Managment For Schools in 21st Century”, 2012-ci il tarixində Moskvada “Müasir məktəbin demokratikləşməsində idarəetmə şurasının və icmanın rolu”, 10-15 oktyabr 2012-ci il tarixində Doğu Akdeniz Universiteti “Çoxlu Zəka Nəzəriyyəsi və Təhsil Sistemləri”, 31 avqust - 9 sentyabr 2015-ci il tarixində Paris-Sorbonne University Abu Dhabi “Has attended the “School Based Managment2”, 14 – 19 noyabr 2015-ci il tarixində Paris-Sorbonne University Abu Dhabi-də “Has attended the “School Based Managment3”, 17-18 noyabr 2016-cı il tariixndə “International Learning Converence” (Empowering Learning) adlı təlimlərdə iştirak edib.
K.Qədirovanın həyat yoldaşı Fərzəli Qədirov Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışır. Fərzəli Qədirov eyni zamanda Təhsil Nazirliyinin Apellyasiya Şurasının üzvüdür.
F.Qədirov 2021-ci ilin iyun ayında "Tərəqqi” medalı ilə təltif edilib.
Təhsil Nazirliyinin baş verən hadisəyə adekvat reaksiya verməməsinin əsl səbəbini məktəb direktoru Kəmalə Qədirovanın həyat yoldaşı ilə bağlı olmasını iddia edənlər də var.
Qeyd edək ki, şagirdlərin sinəsinə "Georgi lenti”nin yapışdırılması məsələsinə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən fərqli olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) daha operativ reaksiya verib.
Belə ki, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məsələdən məlumatlı olduqlarını, bu barədə araşdırma aparıldığını və məlumat veriləcəyini bildirib.