IX sinif şagirdlərinin buraxılış imtahan başa çatıb
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Sabunçu rayonunda, Ağdam, Balakən, Biləsuvar, İmişli, İsmayıllı, Qax, Qusar, Tərtər rayonlarında, Sumqayıt (I hissə), Lənkəran və Gəncə (Kəpəz) şəhərlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Bu gün, həmçinin tədrisi gürcü dilində olan məktəblərin şagirdləri də imtahan veriblər.
Bu barədə DİM-dən bildirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 100 imtahan binası, 1750 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 100 ümumi imtahan rəhbəri, 282 imtahan rəhbəri, 2166 nəzarətçi-müəllim, 206 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 100 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 23 107 şagirdin iştirakı gözlənilirdi. İmtahanda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagirdlər də iştirak ediblər. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladılır ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.