Nazirlikdən qurbağa eksperimentinə dair qəribə AÇIQLAMA + VİDEO
Bir neçə gün əvvəl məktəb direktoru şagirdlərlə birgə qurbağa üzərində eksperiment aparıb.
Sabunçu rayonunda yerləşən Ağdam rayon 71 saylı məktəbin direktoru Ülviyyə Mahmudovanın apardığı eksperiment sosial şəbəkədə müzakirələrə səbəb olub.
Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, canlılar üzərində təcrübələrin aparılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmır və hər zaman mübahisə doğuran məsələ olub:
“Lakin etiraf etmək lazımdır ki, bütün tətbiqi elmlər kimi, biologiya və tibb elmləri də eksperimentlər olmadan inkişaf edə bilməz. Bununla belə, peşəkar müəllim hər-hansı mövzunun dəqiq və əyani izahı məqsədilə belə təcrübələr apararkən (məsələn, VIII sinif biologiya dərsində “Mərkəzi sinir sistemi” mövzusunu öyrənərkən) şagirdlərlə müvafiq söhbət aparmağı da unutmamalıdır.
Yəni şagirdlər aparılan eksperimentin elmə verdiyi töhfələri dərk etməklə yanaşı, canlılara qarşı mərhəmət və şəfqət hissini də itirməməlidirlər. “Siz nə hiss etdiniz?”, “Tibb elmi bu cür təcrübələr aparmadan inkişaf edə bilərmi?”, “Bunun alternativləri varmı?” kimi suallar mübahisəli məsələlərə diqqət çəkir, şagirdləri düşünməyə, yeni həllər axtarmağa, qəddarlıq etməməyə sövq edir”.