Yeni Uşaq Reabilitasiya Mərkəzi açılacaq – RƏSMİ
“2018-ci ildən sonrakı dövrdə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, ən müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib, Qəbələdə də Uşaq Reabilitasiya Mərkəzi açılıb”.
Oxu.Az-ın məlumatına görə, bunu olunmuş “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
O bildirib ki, yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də açılacaq:
“Yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının artırılması reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artırılaraq, 30 minə çatdırılmasına imkan verir. Həmçinin son 4 ildə sosial xidmətlər, günərzi və icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi xeyli genişlənib. Sosial xidmət sahələrində daimi təkmilləşdirmələr də aparılıb və davam edir”.
A.Əliyev qeyd edib ki, əlilliyi olan şəxslərin cəmiyyətə fəal inteqrasiya imkanlarının artırılması ölkə Prezidentinin diqqət mərkəzində olmaqla aparılan sosial siyasətin hədəfləri sırasındadır:
“Bunun nəticəsidir ki, ölkəmizdə əlilliyi olan şəxslərin aktiv həyat tərzinə, bütün sahələrdə cəmiyyət həyatında fəal iştirak imkanlarına malik olmaları, yaradıcılıq potensiallarını dolğun şəkildə reallaşdıra və cəmiyyətə təqdim edə bilmələri üçün geniş miqyaslı işlər aparılır”.
“Son 4 ildə ölkədə əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və s. sahələrdə e-texnologiyaların geniş tətbiqi təmin edilib:
“Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 173 xidmətdən 110-u e-platforma üzərindən, o cümlədən 46-ı proaktiv qaydada göstərilir. Bu il isə Nazirlik daha 50-dən çox e-xidməti istifadəyə verəcək.
Təkcə ötən il “e-sosial.az” portalına 9 milyon 452 min, nazirliyin e-xidmətlərinə 15 milyon 212 min müraciət qeydə alınıb. Son üç ildə Nazirliyin 30-dək e-arayış xidmətli yaradılıb ki, ötən il həmin xidmətlər vasitəsilə 570 minə yaxın e-arayış verilib. Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və həmin qurumlar tərəfindən son bir ildə Nazirliyin informasiya bazalarına sorğu sayı 139 milyon olub”.