Müəllimlər üçün mühüm açıqlama
Müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin iş yerinin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinə aprelin 4-dən start veriləcək.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsahibələr aprelin 7-dək davam edəcək. Namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə mərhələsinin keçiriləcəyi tarix, saat və məkanla bağlı məlumatlarla tanış ola bilərlər. Müddətli müqavilə əsasında işləyən müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək şəxslər üçün Azərbaycan və rus bölmələri üzrə müsahibə mövzuları miq.edu.az saytınd yerləşdirilib.
Xatırladaq ki, bu tədris ili üzrə müddətli müqavilə əsasında işə qəbul olmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə təşkil olunacaq müsabiqənin elektron qeydiyyat mərhələsi martın 1-7-də keçirilib və müsabiqədə iştirak etmək üçün 2 min 717 namizəd müraciət edib. Namizədlərin elektron ərizələri emal edildikdən sonra qeydiyyatdan keçən namizədlərdən 2 min 33 nəfər müsahibə mərhələsində iştirak etmək imkanı qazanıb.