Məktəblərdəki problemlər nədən qaynaqlanır? Dosent İlham Əhmədov
Bu gün məktəb təhsilində xeyli problemlərimiz var. Bunlar istər təlim, istərsə də tərbiyə sahəsində müşahidə edilir.
Son 2 ayda məktəb problemləri ictimaiyyətin diqqətini cəlb etdi, KİV-lərdə və sosial şəbəkələrdə müzakirə mövzusu oldu. Belə problemlər əvvəllər də məktəblərdə müşahidə edilirdi. Lakin o vaxtlar təhsilin idarəetmə sistemində peşəkar təhsil işçiləri çox olduğundan, bu problemlərin həllində müasir və klassik pedaqoji elmin nailiyyətlərindən istifadə edərək, problemləri elmi əsaslarla həll edə bilirdilər. Lakin son illər təhsilin idarə edilməsində qeyri peşkarların sayının artması, nəinki yeni tərtibli problemləri, heç ənənəvi problemləri də həll etməyə imkan vermir. Təcrübəsizlik və qeyri peşəkarlıq öz sözünü deyir. Xüsusən Təhsil İnstitutunun bu sahədə fəaliyyəti zəif hiss edilir.
Bu yaxınlarda RF Dövlət Dumasının vitse spikeri Pyotr Tolstoy öz müsahibəsində bildirib ki, RF-nın təhsil islahatları xaricdən, dost olmayan ölkələr tərəfindən ölkəyə idxal edilmişdir, bu səbəbdən təhsil sahəsində ilbəil geriləmə hiss edilir. Qeyd edək ki, RF-da bizdəki kimi, təhsil islahatlarının təşkilatçısı Dünya Bankıdır.
P.Tolstoy RF-da təhsilin 2 ciddi probleminin olduğunu xüsusi qeyd edir: keyfiyyətin aşağı olması və təhsilin səmərəsizliyi. O, məktəblərdə tərbiyə işinin də aşağı səviyyədə olmasını qeyd edir. Bunun səbəbi kimi ölkədə ideologiyanın olmamasını qeyd edir. RF müəllimlərinin çoxu bu fikirlərlə razıdırlar. Göründüyü kimi bu problemlər elə bizim təhsil sisteminə də xasdır.
Bizim məktəblərdə də xeyli problemlər var. Bu problemlərin bir qismi aysberqin üzdə görünən hissəsi kimi aşkar görünür, bir qismi isə aysberqin suyun altında qalan hissəsi kimi daha dərindədir. Bu problemlərin bəzilərinə nəzər yetirək.
Şagird və müəllimlərin həddindən artıq yüklənməsi. İnsanın fiziki və bioloji imkanları məhduddur. İnsan həddən artıq yüklənəndə təbii ki, inkişaf haqqında düşünə bilməz. Belə insan, yalnız istirahət haqqında düşünər. Bu gün müəllimlər də, şagirdlər də çox yükləniblər. Müəllimlər müxtəlif hesabatların hazırlanması, KSQ, BSQ v.s. ilə, şagirdlər isə məktəb-repetitor sistemində paralel təlim almaqla çox yüklənirlər.
Yüksək təhsil nəticələrinə nail olmaq üçün repetitorların xidmətindən istifadə.
Bu gün ölkəmizdə bu ciddi problemdir. Artıq 30 ildir ki, bu problem mövcuddur, nəticədə formal təhsil ilbəil zəifləyir, amma Təhsil Nazirliyi bu problemin həllində həəvəsli görünmür, yoxsa 30 il gözləməzdi, elə 1-2 ilə bunu həll edə bilərdi. Bu problemin bir səbəbi məktəb müəllimlərinin məzmunca tədrisi qurması ilə qəbul imtahanlarının aparılması arasında uçurumun olmasıdırsa, digər səbəbi müəllimlərin maaşının hələ dəaşağı olmasıdır. Digər tərəfdən məktəb müəllimlərinin həm də repetitor kimi çalışır və bu ümumi işin səmərəsinə mənfi təsiridir. Ümumən repetitorluğun ləğv edilməsi təhsilimizin inkişafına dəstək ola bilərdi.
Cəmiyyət təhsili dəyər saymır. Məktəbdə təhsil pulsuzdur. Ancaq valideynlər repetitorlara təlim üçün pul ödəyirlər, bu səbəbdən də valideynlər uşağın repetitorla necə təlim keçdiyini izləyir, fənni öyrənmək üçün təhsil motivasiyası formalaşmasına kömək edir.
Təhsil mühitinin müxtəlifliyi. Ölkədə vahid təhsil mühitinin qurulması zəruridir. Təhsildə bir çox amillər resurslardan asılıdır. Resurslar isə müxtəlif regionlarda fərqlidir, paytaxtda və iri şəhərlərdə daha yaxşıdır, nəinki kəndlərdə, xüsusən İnternetin əlçatanlığı fərqlidir. Təhsil mühiti və bunun nəticəsi kimi təhsil məkanının müxtəlifliyi problemi həll edilməlidir.
Müəllimlərin peşəkarlıq səriştələrininmüxtəlifliyi İnsanların peşəkar səriştəliyi eyni ola bilərmi? Söhbət müəllimlərin fərqli olmasında deyil, əslində insanların hamısı fərqlidir. Hər kəsin fərqli təcrübəsi, qabiliyyəti, biliyi və bacarığı var. Müəllimlərin peşəkar kompetensiyalarının eyniliyini təmin edə biləcək ixtisasartırma kursları yaradılmalıdır.
İxtisaslı kadr çatışmazlığı (loqoped, defektoloq, psixoloq və s.) Amma bu faktların problem kimi tanınması, qəbul edilməsi bu problemin həll olunacağına ümid verir. Çünki sağlamlıq imkanları məhdud uşaqların sayı durmadan artır. Bunun bir çox səbəbləri var, amma konkret həll yolları hələ də yoxdur. Səriştəli Loqoped, defektoloq və psixoloqların sayı hələ də azdır.
Qeyri normal davranışlı şagirdlərin sayının artması. İndi çox məktəblərdə belə şagirdlərə rast gəlmək olar. Məktəblər belə şagirdlərlə işi adekvat qura bilmir. Şagirdlərin demək olar ki, hamısının məktəbdə mobil telefondan istifadə etməsi, məktəbdə olan hadisələrin video çəkilişi və sosial şəbəkələrdə yayılması, şagird-müəllim-valideyn münasibətlərinin düzgün qurulmaması, məktəblərdə qeyri-qanuni pul yığımı kimi məsələlər də tədrisin normal təşkilinə problemlər yaradır.
Hesab edirik ki, bu problemlərin həlli istiqamətində Təhsil Nazirliyi ciddi düşünməlidir.