AzTehsil.com


Xəbərlər / Ekspert
27 yanvar 2022
1 574


“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA




Son vaxtlar Azərbaycanda orta məktəblər çox tez-tez neqativ mövzularla, rüşvət, korrupsiya halları, müəllim-şagird münasibətlərində yaranan biabırçı vəziyyətlə gündəmə gəlir.


Bu isə cəmiyyətin ciddi narazılığına, narahatlığına səbəb olur və ciddi suallara yol açır. Maraqlıdır Azərbaycan məktəblərində müəllim-şagird münasibətləri niyə bu səviyyədədir? Niyə məktəblərdə hələ də rüşvət və korrupsiyanın qarşısı alına bilmir? Məktəblərdən son yayılan videolarda isə diqqətçəkən məqamlardan biri orta məktəb şagirdləri arasında kriminal aləmə meylin artması, cinayətkar elementlərə olan marağın yüksəlməsi hallarıdır.


Son yayılan videogörüntülərdə isə orta məktəbdə məktəbli partasında kriminal avtoritetlərin adlarının yazıldığının, şagirdlərin ayrı-ayrı epizodlarda onları canlandırmağa çalışdığının, cinayətkar elementlərə meyl göstərdiklərini müşahidə edirik.


Maraqlıdır, şagirdlər təhsil almalı, ziyalı kimi yetişməli olduğu məkanda niyə kriminal dünyaya maraq göstərirlər? Orta məktəblərdə şagirdlər arasında kriminal dünyaya, cinayətkar elementlərə maraq niyə artır? Günah təhsildədir, yoxsa cəmiyyətdə?


Mövzu ilə bağlı  Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, məktəblərdə korrupsiya və rüşvətxorluq uzun illər mövcud olub:



“Bu gün rüşvətxorluqla mübarizə istiqamətində ciddi addımlar atılır. Lakin bu, yetərlidirmi? Xeyr. Baş verən hadisələrdən də görünür ki, daha ciddi, sərt tədbirlər görülməlidir. Hamı bilməlidir ki, məktəb yalnız təlim- tədrislə məşğul olmaq üçündür. Bütün bu halları nəzərə alaraq müəllimlərin, direktorlarının  rüşvət alması ilə bağlı fakt aşkarlanan zaman onlar daha sərt cəzalandırılmalıdır. Biz məktəblərdə təhsilin keyfiyyətindən danışmaq istəyiriksə, orada bir qəpik rüşvətdən söhbət gedə bilməz. Təhsil müəssisəsində ya təhsil, ya rüşvət ola bilər. Rüşvət olan yerdə isə təhsilin inkişafından söhbət gedə bilməz. Əgər məktəblərdə şagirdlərimizin layiqli, tərbiyəli, savadlı vətəndaş kimi yetişməsini istəyiriksə, birmənalı olaraq rüşvətə son qoymalıyıq. Biz yaxın perspektivdə məktəblərdə korrupsiyadan, neqativ hallardan söhbət belə açmamalıyıq”.


Millət vəkili orta məktəb şagirdlərinin son zamanlar kriminal dünyaya meyl etməsinin bir neçə səbəblərini diqqətə çəkib:


” İlk öncə problemin kökündə valideynlər dayanır. Valideynlər övladlarına  daha  çox vaxt ayırmalı,  tərbiyəsi ilə daha ciddi məşğul olmalıdır. Digər tərəfdən məktəblə valideyn arasında ciddi kommunikasiya qurulmalıdır, bu, vacibdir. Əvvəllər davamlı olaraq valideyn iclasları keçirilirdi. İndi isə pandemiya səbəbindən dayandırılıb. Məktəblərdə maarifləndirici, tərbiyələndirici  söhbətlər, müzakirələr geniş şəkildə aparılmalı, televiziyalarda, sosial şəbəkə platformalarında bu istiqamətdə sistemli şəkildə ciddi işlər aparılmalıdır. Şagirdlərin cinayətkar elementlərə marağının artmasında sosial şəbəkələrdə kriminal aləmin xoşagələn, prestijli iş kimi təqdim olunmasının da rolu böyükdür. Biz kompleks şəkildə mübarizə aparmalıyıq. Uzun müddətdir, Azərbaycanda sosial şəbəkələrlə bağlı çox geniş müzakirələr aparılır. Burada diqqət yetirilməsi vacib olan istiqamətlərdən biri gənclərin bu kimi neqativ hallardan qorunması barədə görülən işlərdir. Çünki sosial şəbəkə faktorunun tamamilə qarşısını almaq mümkün deyil, sadəcə daha müsbət işlərdə rol oynamasına kömək edə bilərik. Məktəblərdə yayılan son videolar çox ciddi mətləblərdən xəbər verir, buna etinadsız yanaşmaq olmaz. Bu istiqamətdə təhsil ekspertləri, daha peşəkar  mütəxəssislərlə ictimai dinləmələr keçirilməlidir. Son yayılan videolar bizə göstərdi ki, məktəb direktorlarının seçimində də diqqətli olmaq lazımdır. Onların hansı təcrübəyə malik olması, peşəkarlıq səviyyəsi nəzərə alınmalıdır”.


Təhsil eksperti Nadir İsrafilov bildirib ki, maraqlı olduğu qədər də, təəccübləndirici və təəssüfləndirici haldır ki, sanki məktəb, müəllim, şagird mövzusundan başqa digər mövzumuz yoxdur və yaşadığımız mühit elə təkcə məktəb, müəllim və şagirddən ibarətdir:



“Eynilə belə bir qənaət də hasil olunur ki, məktəbin və müəllimin hədəfə alınması, cəmiyyətin bütün problemlərinin məktəbin, müəllimin üzərində ümumiləşdirilməsi, sanki qabaqcadan düşünülmüş müəyyən bir plan əsasında həyata keçirilir. Çünki cəmiyyətdə baş verən hansısa bir hadisə əksəriyyət tərəfindən sıradan qəbul edildiyi halda bəzən dərhal şişirdilərək bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilir. Halbuki bilərəkdənmi, bilməyərəkdənmi, məktəbin, müəllimin, adının yerli-yersiz qalmaqallarda hallandırılması nəinki təhsilimiz üçün, bütövlükdə heç cəmiyyətimiz üçün də baş ucalığı gətirən hal deyil. Deməli, nəticələr üzərində deyil, səbəblər üzərində düşünməliyik. Nə qədər ki, biz səbəb deyil, nəticə əsasında qərar verməyə üstünlük verəcəyik, bu kimi hallar bir o qədər qaçılmaz olacaq. Bir həqiqəti də unutmayaq ki, məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyə bilməz.. Elə isə nə baş verir…? İstəsək də, istəməsək də razılaşmaq məcburiyyətindəyik ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta, məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir.

Bununla belə, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Səbəb nədir? Ən başlıca səbəblərdən biri virtual məkanın canlı ünsiyyəti üstələməsidir. Bu baxımdan, məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, onu bilavasitə təhsilin mövcud durumu ilə əlaqələndirmək də məsələyə birtərəfli yanaşmaqdan başqa bir şey olmazdı.

Bu kimi halların baş verməsi daha çox sosial xarakterli məsələdir”.


Nadir İsrafilov  hesab edir ki, dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib:


” Əgər rüşvət, saxtakarlıq, zorlama və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən sıradan adi hal, hətta norma kimi qəbul edilirsə, belə hallara məktəbdə digər təhsil müəssisələrində yol verildikdə, bu təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir, az qala faciə səviyyəsinə qaldırılır. Halbuki, qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib.

Bununla belə, baş verənlərin səbəblərini aydınlaşdırmağın vacib olduğunu, ancaq belə hadisələr üzərində şoular düzəltməyə ehtiyac olmadığını bildirənlər, tərbiyə və təhsilin bir paraleldə inkişaf edən amillər olduğunu, tərbiyənin müəyyən bir qisminin ailə ilə əlaqəli olub, digər faizinin məktəblə bağlı olduğu qənaətində olanlar da var. Əgər belə bir qənaətə gəlsək ki, təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üst qurum və bazis elementləri ilə şərtlənir, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür, deməli hadisənin səbəblərini daha dərində axtarmalıyıq”.


Ekspertin sözlərinə görə məsələnin birtərəfli həlli düzgün mövqe sayıla bilməz:


” Baş verənlərə yanaşma tərzimiz dəyişməlidir. Müəllimi cəzalandırmaq yaranmış vəziyyətdən çıxış yolu deyil. Söhbət təkcə 165 nömrəli məktəbdən getmir. Bu kimi hallarla bağlı nə qədər müəllim, təhsil müəssisə rəhbəri müxtəlif xarakterli cəzalar alıb, dəyişən nə olub? Əksinə, vəziyyət bir qədər də gərginləşib, kütləvi xarakter alıb. Nə qədər ki, biz səbəb deyil, nəticə əsasında qərar verməyə üstünlük verəcəyik, bu kimi hallar bir o qədər qaçılmaz olacaq. Ona görə də, ilk növbədə təhsil qanunvericiliyimizdə dəyişiklik edilməlidir. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ə müəllimlərin, şagirdlərin və valideynlərin hüquq və vəzifələrinə dair müəyyən müddəalar daxil edilibsə də, bunlar yaranan vəziyyəti stabilləşdirmək üçün kifayət etmir.  Müəllim-şagird münasibətlərində istənilən neqativ hala görə təkcə müəllim cəzalanacaq və təhsil prosesinin digər iştirakçıları cəzasız qalacaqsa, bu kimi hallar yenə də davam edəcək. Bir çox dünya ölkələrində olduğu kimi valideynin də məsuliyyəti qanunvericiliklə hazırlanarsa,  gələcək nəslin təlim-tərbiyəsində birgə məsuliyyət və cavabdehlik də təmin olunar”.


Psixoloq Leyla Əli bildirib ki, bu gün müəllimə şagird, valideyn, cəmiyyət tərəfindən münasibət dəyişib:




” Etiraf etməliyik ki,  müəllimlərdən gözləntilərimiz çoxalıb. Bu isə “müasir dövrün müəllimi kimdir və o, hansı keyfiyyətlərə sahib olmalıdır?” sualının daha çox ünvanlanmasına səbəb olur. Bu suala cavabı yalnız müəllimlər deyil, həm də müəllimlər cavab verməlidir. Demək mövzuya kompleks yanaşmalıyıq. Təəssüf ki, son dövrlər müəllimlərin ənənəvi fəaliyyətində və davranışlarında dəyişikliklərin baş verdiyinin şahidi oluruq. İstənilən qeyri-etik və qanundan kənar davranış bu əməlləri törədənin şəxsi insani keyfiyyətləri ilə yanaşı, onun peşəkarlığı ilə bağlı suallar yaradır. Bu gün müasir müəllim anlayışı həm də onun liderliyinin yeni tipini ortaya qoyur. Təhsil və təlim- tərbiyədə keyfiyyətin yüksək olması müəllimlərin psixoloji biliklərə yiyələnməsini də qaçılmaz edir. Hər şagirdə fərdi yanaşma önəmlidir”.


Psixoloqun sözlərinə görə, müəllimin şagirdlərə qarşı xoş münasibəti, düzgün rəftarı təhsilə və təlimə marağı artırır:


” Alışdığımız cümlələrdir, deyilmi? Amma bu adi hesab etdiyimiz cümlələrə əməldə riayət edilməməsi təhsildə neçə nəslin bilik və savad baxımından “iflic” olmasına səbəb ola bilər. Müəllim özü peşəkar deyilsə, necə şəxsiyyət formalaşdıra bilər? Qarşılıqlı təmasın arxasında “mənəvi gigeya” dayanır. Əgər bir müəllim sinifdə rüşvəti pisləyirsə, digər müəllim isə uşaqlardan rüşvət tələb edirsə, şəxsiyyəti hələ tam formalaşmayan, “oturuşmayan” şagird kimin doğru olduğunu müəyyən edə bilməyəcək”.


Leyla Əlinin sözlərinə görə məktəblərdə,  xüsusilə oğlanların kriminal aləmə marağının artmaması üçün müəllim, məktəb psixoloqu və valideynin şagirdə göstərdiyi istiqamət eyni olmalıdır:


” Şagirdlərin deyildiyi kimi kriminal aləmə maraq göstərməsinin səbəbləri dərindir. Burada sosial şəbəkə və istənilən informasiyanın daha əlçatan olması əsas şərtlərdən biridir. Ən vacib faktorlardan biri isə şagirdlərin asudə vaxtının valideyn tərəfindən düzgün təşkil olunmamasıdır. Valideyn öz övladını yaxşı tanıyır? Bu gün baş verən neqativ halların yaranma səbəblərindən biri də ailələrdə uşaqların valideynlər tərəfindən sevgisiz və diqqətsiz böyüdülməsidir. Bəzi valideynlər əmindirlər ki,  övlad böyütmək geyim və ərzaq almaqdan ibarətdir. Uşaqla zaman keçirməyə, söhbət etməyə, onun düşüncələrini bölüşməyə ehtiyac yoxdur. Bəzi valideynlər isə təəssüf ki,  elə özləri uşaqlara kriminal aləmi nümunə göstərir.

Övlad valideyni əks etdirir. Bu gün uşağa ünvanlanan istənilən söz, sabah ata və anaya övladı tərəfindən geri qaytarılacaq. Amma sözlə yox…artıq davranışda və əməldə…”

Editor.az




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda orta məktəbdə baş verən biabırçılığa NAZİRLİKDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəbdə baş verən biabırçılığa NAZİRLİKDƏN AÇIQLAMA

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

DİN məktəblərdən uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib

DİN məktəblərdən uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

Sual .. Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

Sual .. Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Azərbaycanda orta məktəb niyə bağlandı?

Azərbaycanda orta məktəb niyə bağlandı?

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Müəllimlər niyə direktor olmaq istəmir? – “Elə şərtlər qoyulub ki…“

Müəllimlər niyə direktor olmaq istəmir? – “Elə şərtlər qoyulub ki…“

Müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarmalıdır

Müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarmalıdır

"Son zəng” necə və harada keçirilməlidir ki, nə şiş yansın, nə də kabab?

"Son zəng” necə və harada keçirilməlidir ki, nə şiş yansın, nə də kabab?

Məktəbin, müəllimin müdafiəsinə qalxanı, dərhal məsxərəyə qoyuruq…

Məktəbin, müəllimin müdafiəsinə qalxanı, dərhal məsxərəyə qoyuruq…

Direktordan nazirliyə müraciət: “Rica edirəm, bu məsələnin sonuna kimi gedin”

Direktordan nazirliyə müraciət: “Rica edirəm, bu məsələnin sonuna kimi gedin”

Abid Şərifov: “Bacım qızının başına daş düşsün”

Abid Şərifov: “Bacım qızının başına daş düşsün”

"20 nömrəli məktəb fəaliyyətə başlayacaq" -AÇIQLAMA

"20 nömrəli məktəb fəaliyyətə başlayacaq" -AÇIQLAMA

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Nazir " SON ZƏNG "lə bağlı əmr verdi..Reallıqlar və təzadlar.

Nazir " SON ZƏNG "lə bağlı əmr verdi..Reallıqlar və təzadlar.

Uşaqlar arasında yayılan virus “Delta plus” ştammıdır - AÇIQLAMA

Uşaqlar arasında yayılan virus “Delta plus” ştammıdır - AÇIQLAMA