“Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin icrası uğurla davam etdirilir
Təhsil Nazirliyi tərəfindən elan olunmuş Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin rəhbəri Samirə Əmrahovanın sözlərinə görə, layihənin əsas məqsədi yerli və xarici inkişafetdirici, öyrədici ədəbiyyatlardan ibarət səyyar kitabxana təşkil etməklə şagirdlərdə ömürboyu mütaliə vərdişləri formalaşdırmaq, zehni və sosial bacarıqların inkişafına, məktəbin və nəticədə cəmiyyətin idarəedilməsinin təkmilləşdirilməsinə dəstək olmaqdır.
Artıq layihənin icrasına 4 aydır ki, başlanılıb. Bu müddət ərzində layihənin səyyar kitabxanası 6 ümumtəhsil müəssiəsində olmuş, layihə çərçivəsində alınmış kitablar şagirdlərə paylanılmış və müəyyən olunmuş müddətdən sonra mütaliə edilmiş kitabların müzakirəsi təşkil olunmuşdur. Bundan əlavə şagirdlər üçün mütaliə mədəniyyətinin təhsilimiz və cəmiyyətimiz üçün faydalarını çatdırmaqdan ötrü maarifləndirmə seminarları təşkil olunmuşdur. Seminarın təlimçiləri filosof-şərqşünas, psixoloq və yazıçı Rövşən Abdullaoğlu, gənc yazar İlahə Səfərzadə və Əməkdar müəllim Aybəniz Əhədova olmuşdur.
Məktəb rəhbərlərinin və müəllim heyətinin böyük maraqla qarşılayaraq dəstəklədiyi layihənin icrası uğurla davam etdirilməkdədir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.