Bakı Məktəblərində monitorinqlər davam edir
Ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər davam edir.
Monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 7 komissiya yaradılıb. Monitorinqlər zamanı təhsil müəssisələrində xüsusi karantin rejimi ilə bağlı təlimatların icrası və sanitar-gigiyenik vəziyyət, məktəb sənədləri ilə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması məsələləri ilə bağlı müşahidələr aparılır.
Qeyd edək ki, monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə tədrisin təşkili və şagirdlərin dərsə davamiyyəti vəziyyətinin öyrənilməsindən ibarətdir. Təhsil müəssisələrinin idarə olunması, tədris və təlim-tərbiyə prosesinin təşkilinin effektivliyinin artırılması da monitorinqlərin əsas hədəflərindəndir.
Onu da qeyd edək ki, monitorinqlər xüsusi təhsil müəssisələrini və inklüziv siniflər təşkil olunan məktəbləri də əhatə edir. Evdə təhsillə bağlı da monitorinqlərin aparılması planlaşdırılır. Monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün ümumi təhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.