Təhsil naziri: “Kimisə öyrənməyə məcbur etmək mümkün deyil”
“Təhsil elə bir sahədir ki, burada hər rəyi nəzərə almaq mümkünsüzdür. İstər dərs yükü, istər tədrisin məzmunu öz-özlüyündə kifayət qədər dərin mövzudur”.
Bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, təhsil hər kəsə dəyərləri öyrənmək imkanı verir:
“Azərbaycan kontekstində Qarabağ anlayışı və digər dəyərlər önəmlidir. Təhsilin kökündə dayanan əsas məsələ budur, nəinki fənn bilikləri. Kimisə öyrənməyə məcbur etmək mümkün deyil, lakin motivasiyaedici tədbirlər ola bilər. Razıyam ki, böyüklər tərəfindən həddən çox gözləntilər var. Valideynlər onların getdiyi məktəblə, tədris dövrü ilə uşaqların getdiyi məktəblər arasındakı fərqləri qəbul etməlidirlər. Bu gün ən vacib məsələ “uşaqlar nə istəyir” və “20-30 ildən sonra uşaqlara nə lazımdır?” suallarına cavab tapmaqdır.
Ayrı-ayrı fənlərin müstəqil tədrisi köhnə sistemdir. Biz üzləşdiyimiz problemləri həll etdikdə kompleks düşünür, həyat təcrübəsini tətbiq edirik. Odur ki, biz müasir təhsildən danışırıqsa, metodik olaraq fənn bazasından layihə əsasında öyrənməyə keçməliyik. Artıq 190 mindən artıq uşaq rəqəmsal layihələrə qoşulub. Ümumiləşdirsək, təhsil sahəsində rəqəmsal və yeni müasir tədris metodlarından istifadəyə önəm verməliyik”.