Mehriban Vəliyeva: Paytaxt məktəblərində Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçiriləcək
Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin gedişi bir daha onu göstərdi ki, təhsil sisteminin yetişdirdiyi vətəndaş öz köklərinə və əzəli torpaqlarına bağlıdır, hər qarış torpaq üçün canından keçməyə hazırdır, xalqın adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiqdir.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə Sənət Qalereyasında paytaxt məktəblilərinin 8 Noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgisində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, sərginin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış tarixi Zəfəri əsərlərdə nümayiş etdirməkdir. Eyni zamanda, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdir.
İdarə müdiri vurğulayıb ki, ordumuzun yüksək vətənpərvərlik ruhunun formalaşmasında Azərbaycan təhsilinin mühüm rolu var: “Müəllimin missiyası öz fənnini tədris etməklə, məktəblilərə bilik və bacarıqlar aşılamaqla yekunlaşmır. Ən yaxşı müəllim, ilk növbədə, şagirdlərə Vətəni sevməyi öyrədəndir”.
Mehriban Vəliyeva qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxt məktəblərində Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçiriləcək.