Damı qırıq, tavanı çürük, qapı-pəncərəsi olmayan məktəb: Şəhid adına yaraşmayan təhsil ocağı - VİDEO
Kürdəmirin Şilyan kəndində şəhid Elxan Zülfüqarovun adını daşıyan məktəbin dam örtüyü qırıq, döşəməsi və tavanı çürük, qapısı və pəncərəsi yoxa bərabərdir.
Məktəb ötən əsrin 70-ci illərində tikilib və bu vaxta qədər əsaslı təmir olunmayıb. Təhsil ocağının acınacaqlı vəziyyətdə olması şagirdlərin dərsə davamiyyətinə də öz mənfi təsirini göstərir.
Şilyan kənd tam orta məktəbi bir korpus və 18 sinif otağından ibarətdir. Məktəbdə 400 nəfərə yaxın şagirdin tədrisi ilə 30 müəllim məşğul olur. Bundan başqa, məktəbdə 18 nəfər texniki heyət fəaliyyət göstərir.
Məktəb kollektivi və rəhbərliyi dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, bu günə kimi səslərinə səs verən olmayıb. Kənddə olan digər iki məktəb əsaslı təmir olunduğu üçün bəzi valideynlər haqlı olaraq uşaqlarını həmin məktəblərə aparırlar. Bu da məktəbin şagird kontingentinin azalmasına səbəb olur.
Qeyd edək ki, hazırda rayon üzrə 59 ümumtəhsil məktəbi və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 7-si qəzalı, 18-i isə əsaslı təmirə ehtiyacı olan məktəblərdir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: