Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün Azərbaycan Respublikası Müdafiə və Daxili İşlər nazirliklərinin dəstəyi və "Fire Land Production”ın təşkilatçılığı ilə reallaşdırılan "Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Bu tədbirlərin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.
Budəfəki tədbir əlamətdar bir günə - qardaş Türkiyənin Zəfər bayramına təsadüf edib. Bu səbəbdən qərara alınıb ki, budəfəki tədbir məhz bu Zəfərə, bu əlamətdar günə həsr olunsun. Böyük tarixi kökə malik Azərbaycan-Türkiyə əlaqələrinin əsasında möhkəm dostluq, qardaşlıq və etibarlı strateji tərəfdaşlıq münasibətləri dayanır. Hər iki dövlətin qurucularının – ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Qardaş Türk xalqının öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ulu öndərimiz Heydər Əliyevin "Azərbaycan-Türkiyə bir millət iki dövlətdir” kəlamları Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edən mükəmməl konsepsiyadır. Bu konsepsiya ötən il 44 günlük Vətən müharibəsində də özünü ən parlaq şəkildə göstərib.
İki qardaş ölkənin birliyini, bərabərliyini bir daha əyani nümayiş etdirən budəfəki tədbir
Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzindən başlayıb. Ekskursiya avtobuslarında şəhəri gəzən şəhidlərin övladları "Zəfər marşı”nı ifa edərək tədbirə qatılıblar. Onlar üzərində atalarının fotoları həkk edilən geyimlərdə, digər uşaqlar üzərində subay şəhidlərimizin rəsmləri, şəhid anaları isə övladlarının şəkli olan və "Mənim qəhrəmanım” yazılmış geyimlərdə tədbirdə iştirak ediblər.
Şəhər gəzintisindən sonra "Zaqulba Mangal Steak”ə gələn iştirakçılar burada səmərəli vaxt keçiriblər. Qeyd edək ki, "Zaqulba Mangal Steak”in rəhbərliyi 44 günlük Vətən müharibəsi ərzində əsgərlərimizə daim dəstək olub.
Tədbirin rəsmi hissəsində aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, xanımlarını və digər qonaqları salamladıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Namiq Cavadov çıxış edərək 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda döyüşlərdə türk hərbçilərinin də qəhramanlıqla döyüşərək canlarından keçdiyini, eləcə də Türkiyənin İstiqlal savaşında azərbaycanlıların da vuruşaraq şəhidlik zirvəsinə ucaldığını vurğulayaraq deyib ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, birliyi sarsılmazdır, əbədidir.
Bu cür tədbirlərin əhəmiyyətini xüsusi qeyd edən bölmə rəisi bildirib ki, Vətən uğrunda canından keçən oğullarımızın övladları hər birimiz üçün bir əmanətdir, onların işıqlı gələcəyi naminə əlimizdən gələn hər şeyi etməliyik.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini polis polkovnik-leytenantı Hafiz Təmirov da vurğulayıb ki, heç şübhəsiz, Azərbaycan və Türkiyə birgə addımlayaraq yeni zəfərlər qazanacaq, böyük tarixi nailiyyətlərə imza atacaqlar.
Şəhid və qazilərimizin qəhrəmanlıqları isə xalqımız tərəfindən heç vaxt unudulmayacaq, bu cür oğullarımız var olduqca bu Vətən daim yaşayacaqdır.
Tədbirin xüsusi qonaqları olan dəyərli sənətçilərimiz Alim Qasımov və qızı Fərqanə Qasımova, Zülfiyyə Xanbabayeva, aparıcılar Leyla Quliyeva, Lalə Azərtaş şəhidlərimizin övladları ilə birlikdə olub, qəhrəmanlarımızın anaları, ailə üzvləri ilə hisslərini bölüşüblər.