İkinci Qarabağ Müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı.
Onlar Azərbaycan xalqının 28 illik vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq.
Müharibə şəhidsiz olmur. Bu da müharibənin yazılmamış qanunlarından biridir. Elə bir müddət əvvəl şəhadətə qovuşan mayor Aqşin İbadov da torpaqları uğrundan canından keçdi. Düşmənə baş əyməyən, sona qədər qəhrəmancasına vuruşan mayor Aqşin İbadov Zəngilan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.
Onun vətənə əmanəti ömür-gün yoldaşı və 14 günlük qızı qalıb.
Şəhid mayor Aqşin İbadovun həyat yoldaşı Məhsəti İbadova Oxu.Az-a açıqlamasında deyib ki, Aqşin qızını cəmi bir neçə gün görə bildi:
"Qızını cəmi bir neçə gün gördü. Bizimlə elə sağollaşdı ki, sanki bir daha qayıtmayacağını hiss edirdi. Şəhid olacağını bilirdi. Aqşin çox vətənpərvər insan olub. O, peşəkar hərbçi, mayor və qayğıkeş ailə başçısı idi.
Döyüşlər başlayanda biz Türkiyədə idik. Azərbaycanın haqq davasında, torpaqlarımızın işğaldan azad olunması üçün hər fürsəti dəyərləndirirdi. Biz sentyabrın sonlarında Azərbaycana gəldik və sentyabrın 30-da Aqşin ön cəbhəyə getdi.
Aqşin Türkiyədə təhsil almışdı. Vətəninə bağlı idi. Onun yoxluğu mənim üçün ağır olsa da, tək təsəllim torpaqlarımız uğrunda şəhid olmasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün Azərbaycanın işğal altında olan torpaqları artıq azad olunub. Aqşinin də, digər şəhidlərimizin də qanı yerdə qalmadı”.
Şəhid mayorun həyat yoldaşı deyir ki, Aqşin şəhid olmazdan qabaq telefonunda qeyd yazıb:
"Telefonuna hər şeyi qeyd edərdi. Bilirdim ki, bu dəfə də nəsə yazıb. Telefonunu mənə gətirən kimi qeydlərin içərisinə baxdım. Orada mənə yazılan son məktubunu gördüm. Onun mənə son sözlərini də belə bildim”.
Mayor mobil telefonundakı son qeydi:
"Narahatlıq. Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir. İçimdəki səs bu qədər mükəmməlik və xoşbəxtliyin davamında bir şeylər olacağını deyir. Susdurmaq istəsəm də bu səsi, susmur. Hər şey, Hərbi Akademiya, evlilik təklifi, Türkiyə, nişan, nikah, qız toyu, öz toyum, təkrar Türkiyə, bir-birini əvəz edən xoşbəxt günlər, qızımızın dünyaya gəlməsi. Allahım, sənə şükürlər olsun!
Bu qədər gözəlliyin davamında şəhadətə sevinc və könül rahatlığı ilə addımlamağa hazıram. Çünki övladımı əxlaqlı, imanlı, vicdanlı və vətənpərvər ruhda böyüdəcək və şəhadətimin qisasını alması üçün qızımı sağlam ruhda tərbiyə edəcək sevdiyim qadın, həyat yoldaşım, can dostum var. Məsi, səni sevirəm əzizim! Allaha əmanət ol!”
Xatırladaq ki, 1984-cü il təvəllüdlü İbadov Aqşin Nizami oğlu Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdu. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə tarix yazan, şəhidlik zirvəsinə ucalan Azərbaycan ordusunun mayoru Aqşin İbadovun peşəkar hərbçi idi.
Allah rəhmət eləsin!
oxu.az