Mən hüquq müdafiəçisi deyiləm:“Təki, bütün oğurluq hadisələri, digər ehtiyaclardan deyil, kitaba olan təlabatdan baş verəydi...”
Bir neçə gündür ki, kitab mağazalarından birindən 2 ədəd kitab oğurladığına görə, iki paytaxt sakininin polis əməkdaşları tərəfindən saxlanılması sosial və yazılı mediada müzakirə olunan əsas manşet mövzulardan birinə çevrilib. Bir çox sosial şəbəkə istifadəçiləri gəncləri müdafiə edərək, 2 ədəd kitab oğurluğuna görə onların saxlanılmasını qətiyyətlə pisləyirlər.
Kimin nə kimi münasibətindən asılı olmayaraq, məsələyə hüquqi qiymət vermək məhkəmə və hüquq-mühafizə orqanlarının işidir. Məndə isə kitaba yaranan maraqla bağlı nostalji hisslərim bir daha təzələndi, hələ erkən uşaqlıq illərində oxuduğum bir hekayət xatirimdə canlandı.
Böyük proletar ədibi Maksim Qorki "Mən necə oxumuşam” adlı kitabında yazırdı: "Məktəbdə işim təzəcə düzəlmişdi ki, evdə mərəkə qopdu: anamın bir manat pulunu oğurladım. Bir dəfə axşam anam harasa getmişdi. Məni evdə uşağın yanında qoymuşdu, darıxdığımdan atalığımın kitabxanasından Dyuma atanın əsərlərindən : "Həkimin qeydləri ” kitabını götürüb vərəqlədim, səhifələrin arasında bir onluq və bir təklik gördüm. Kitabı oxuya bilmədim, başa düşmürdüm, ona görə də örtdüm, birdən ağlıma gəldi ki, bir manata nəinki "Müqəddəs tarix” kitabını, çox güman Robinzon haqqındakı kitabı da almaq olar. Belə bir kitabın olduğunu mən, bu əhvalatdan bir az əvvəl məktəbdə eşitmişdim. Mən "Bülbül: nağılını məktəbdə axıra qədər oxuyub qurtara bilmədim, vaxt çatmadı, evə gələndə isə əlində tava plitədə qayğanaq bişirən anam acıqlı – acıqlı soruşdu:
-Manatı sən götürmüsən? -Mən götürmüşəm, kitab almışam...
Anam tavanın dəstəyi ilə məni əməlli – başlı döydü. Andersenin kitablarını isə əlimdən alıb, həmişəlik harada isə gizlətdi. Bu, döyülməkdən də betər oldu.
Mən yaxşı kitabın nə demək olduğunu hiss etdim və mənim üçün kitabın zəruri olduğunu başa düşdüm. Bu kitabların sayəsində qəlbimdə sakit və möhkəm bir inam yarandı: "Yer üzündə tək deyiləm - məhv olmaram!..
Əməlli –başlı oxumağı mən on dörd yaşımda öyrəndim. Bu illərdə məni cəzb edən yalnız kitabın fabulası, təsvir olunan hadisələrin az və ya çox maraqlı inkişafı deyildi, mən təsvirin gözəlliyini anlamağa, əsərdəki şəxslərin xarakteri barədə düşünməyə başlamışdım, müəllifin məqsədini dumanlı şəkildə başa düşür, kitabda bəhs edilən hadisələrlə həyatdan aldığım təsir arasındakı fərqi həyəcanla hiss edirdim.”
Bu hekayətlə bağlı kitabdan sonra təsirlənərək Maksim Qorkinin "Şahin nəğməsi”, "Uşaqlıq”, "Özgə qapılarında”, "Mənim universitetlərim”, "İnsanlar arasında”, "Yaşanmış hekayələr” və digər əsərlərini oxudum. Bir də ki, o zamanlar orta ümumtəhsil məktəblərində Maksim Qorkinin həyat və yaradıcılığına geniş yer verilirdi. Hətta iş elə gətirdi ki, ali məktəbə qəbul zamanı yazılı imtahanda "Ana” romanından inşa yazıb əla qiymət aldım.
XX əsr rus ədəbiyyatı və ədəbi mühitini Maksim Qorkisiz təsəvvür etmək mümkün olmayan kiçik Aleksey Peşkov da oğurluq edib. Bəlkə də, kitab almaq üçün etdiyi bu oğurluq sayəsində o öz əsərlərində gücü, mərdliyi, səbatlığı, qələbəyə inamı, yüksək vətənpərvərliyi, insana hörməti və inamı kimi gözəl xüsusiyyətləri ifadə etməklə adını tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edib.
Müdriklər kitab haqqında nələr deməyib...”Kitablar ruhun aynasıdır”, "Kitab insan üçün mənəvi qidadır”, "Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir”, "Ordu torpaqları, kitab könülləri fəth edir”, "Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir”,”Bir kitab oxuyursunuzsa, əsla yalnız deyilsiniz”, "Bir mədəniyyəti yox eləmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər”, "Unutmayın: siz özünüzü nə hesab etdiyinizi oxuduqlarınız müəyyən edir” və s. və i.a
Mən hüquq müdafiəçisi deyiləm və məsələyə hüquqi qiymət verməkdən də uzağam. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən - Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama hesab olunsa da, bu olay kitaba olan marağın, diqqətin nə dərəcədə zəruri olduğunu bir daha gündəmə gətirmiş oldu.Ancaq, məni qınamayın, əgər desəm ki, təki bütün oğurluq hadisələri, digər ehtiyaclardan deyil, kitaba olan təlabatdan baş verəydi.
Nadir İsrafilov