Təhsil işçiləri vaksinasiya prosesinə inamla qoşulurlar
"COVID-19” virusu ilə mübarizəyə qoşulan təhsil işçiləri vaksinasiya prosesində fəal iştirak edirlər. Belə ki, pandemiyaya qalib gəlmək məqsədi ilə təhsil işçiləri həmrəy olub vaksinasiya kampaniyasında nümunə göstərirlər. Bu günlərdə paytaxtın 258 nömrəli tam orta məktəbin vaksinasiya məntəqəsində olarkən bunun bir daha şahidi olduq. Müəllimlər vaksin vurulduqdan sonra özlərini yaxşı hiss etdiklərini bildirərək prosesə könüllü qatıldıqlarını söylədilər.
7 nömrəli Bakı Peşə liseyinin riyaziyyat müəllimi Çiçək Həsənəliyeva: "Vaksin vurulduqdan sonra heç bir əlavə yan təsiri müşahidə etmədim. Bu gün ikinci dozanı qəbul etdim. Birinci dəfə gələndə də vaksindən sonra səhhətimdə heç bir problem yaşamadım. Ümumiyyətlə, heç bir narahatlığım yoxdur. Vaksinasiyadan keçən bütün dost-tanışlardan da hər hansı əlavə yan təsir olduğu barədə eşitməmişəm. Tövsiyəmiz odur ki, bu bəladan tez yaxa qurtarmaq, normal həyatımıza dönmək üçün insanlarımız könüllü şəkildə vaksinasiyadan keçsin. Xüsusən də biz təhsil işçiləri peyvənd olunmalıyıq ki, sinifimizə qayıdaq və şagirdlərimizlə birlikdə olaq”.
Azərbaycan Turizm və Menecment Universitetinin İnformasiya Texnologiya şöbəsinin mütəxəssisi Savalan Tarverdiyev: "Peyvənddən sonra özümü çox yaxşı hiss edirəm. Birinci dozanı qəbul etdim. Hər kəsi könüllü şəkildə bu prosesə qoşulmağa dəvət edirəm. Dövlətimiz koronavirusla mübarizədə nümunəvi siyasət həyata keçirdi. Vətəndaşların sağlamlığını qorumaq üçün silsilə tədbirlər, proqramlar icra olundu. Bunun nəticəsidir ki, xalqımız bu ümumbəşəri bəladan az itkilərlə çıxmağı bacarır. Sevindirici haldır ki, Cənubi Qafqazda Azərbaycan ilk olaraq əhalinin vaksinasiyasına başlayıb. Pandemiya ilə mübarizədə vaksinasiya çox vacibdir. Vaksinasiyadan uğurla keçdim. Heç bir narahatlığım yoxdur. Bütün təhsil işçilərinə və həmkarlarıma növbəlilik əsasında peyvənd olunmaqlarını xahiş edirəm. Təhsil ocaqlarımızda əvvəlki həyatın qayıtmağını istəyiriksə hamımız bu kampaniyada bir nəfər kimi iştirak etməliyik”.
Bakıdakı 258 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Vəli Kərimov: "Bu gün mən də həmkarlarım kimi vaksinasiya prosesinə gəlmişəm. Məktəblərimizdə şagirdlərimizlə bərabər dərslərin keçirilməsini istəyiriksə, bütün təhsil işçiləri peyvənd olunmalıdır. Bu gün məktəbə girəndə çox kövrəlib pis oluram. Şagirdlərsiz məktəb ağacı, gülü və çiçəyi olmayan bir bağa bənzəyir. Arzu edirəm ki, əvvəlki həyatımıza qayıdaq. Şagirdlərimizin səs-küyü üçün çox darıxmışıq. Çox şükürlər olsun ki, dövlətimiz tərəfindən peyvəndləmə ilə bağlı yüksək səviyyədə işlər həyata keçirilir. Bizlərin üzərinə düşən vəzifə isə vaksinasiyada könüllü şəkildə iştirak etməkdir”.
5 nömrəli Şəhər Klinik Xəstəxanasının həkimi Şəlalə Əliyeva vaksinin əhəmiyyətindən danışıb. Həkim bu məntəqədə indiyə qədər peyvənd olunan təhsil işçiləri arasında xoşagəlməz halların baş vermədiyini qeyd edib: "Bizim çalışdığımız 5 nömrəli Şəhər Klinik Xəstəxananın həkimləri növbəli şəkildə bu prosesə cəlb olunublar. Mən burada vaksin olunmağa gələn insanları qəbul edib, onların səhhətləri ilə bağlı bir narahatçılığın olub-olmadığını yoxlayıram. Bu günə kimi mərhələli şəkildə keçirilən vaksinasiyada hələlik xoşagəlməz hal yaşanmayıb. Peyvənd olunan hər bir vətəndaş tələb olunan qaydalara ciddi şəkildə əməl etməlidir. Mən də bir həkim olaraq bu bəlanın qızıl açarını vaksinləşmədə görürəm”.
Rəşad ZİYADOV