1982-ci ildən peşə təhsili sahəsində çalışan paytaxt sakini Şəlalə Əsədova Media.Az-a müraciət edib.
O, 1996-cı ildən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində (keçmiş adı - 12 nömrəli Bakı Peşə Liseyi) direktorun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsində çalışır.
Onun sözlərinə görə, mərkəzin direktoru Mətləb Hüseynov illərdir işində ciddi qanun pozuntularına yol verir.
"Bununla əlaqədar olaraq yeni təyin olunmuş təhsil naziri Emin Əmrullayevə və Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət etmişəm”, - deyə, Ş.Əsədova bildirir.
Şikayətçi deyir ki, M.Hüseynovun adı işlədiyi 10, 12, 17 nömrəli peşə məktəblərində daim maliyyə dələduzluğunda hallanıb.
"Mətləb Hüseynov 12 nömrəli Bakı Peşə Liseyinin direktoru olanda (hazırkı adı - Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) bütün peşəkar kadrları işdən çıxardı və öz komandasını yığmağa başladı. Onun qeyri-peşəkar fəaliyyətini müşahidə edərək, qanunu pozmağa razı olmadım və nəticədə, təzyiqlərlə üzləşdim. Əgər belə demək olarsa, M.Hüseynov mənə öz vəzifələrimi yerinə yetirməyə imkan vermir. Məqsədi isə yerimə öz adamını təyin edib, mənə müəllim, yaxud laboratoriya müdiri vəzifəsini təklif etmək və ya öz istəyimlə işdən azad olunmağımla əlaqədar ərizə yazdırmaqdır.
Mən isə təhsil sisteminin inkişafında maraqlı olmayan bir insanın qanunları pozmasına göz yuma bilmərəm.
Onun qanunsuz fəaliyyətinə dair bir çox nümunələr var. Misal üçün, ötən ilin noyabrın 15-də iki nəfər qazanxana işçisi Bakı peşə liseyinə işə qəbul edilib. Lakin qazanxananın işinə yalnız bir işçi - E.Qasımov nəzarət edirdi. Bu da əlavə mənimsəmə faktıdır, çünki ştatda olan ikinci əməkdaşı işdə görən olmayıb.
Mətləb Hüseynov 9 saylı Bakı peşə liseyində işləyən qohumu H.Səfərovu 17 nömrəli Bakı peşə liseyində təhsil şöbəsinin müdiri vəzifəsinə gətirib. Sonradan isə kadr ixtisarları səbəbindən heç bir qanuni əsas olmadan onu psixoloq vəzifəsinə köçürdü. Hazırda bu şəxs Emal sənayesi üçün Bakı Dövlət Peşə Təhsil Mərkəzində işləyir. Baxmayaraq ki, bu cür hərəkətlər, prinsipcə, qanunsuz hesab olunur. Axı bir şəxs heç bir əsas olmadan bir ixtisasdan digərinə köçürülür”, - Ş.Əsədova vurğulayıb.
Qadının sözlərinə görə, M.Hüseynovun işçilərə maaş vermədiyi də olub. Maaşların verilməsində gecikmə olduğuna görə 17 saylı Bakı Peşə Liseyinin istehsal təliminin iki ustası Prezidentə müraciət etdi. Yalnız bundan sonra M.Hüseynov mühasiblərin maaş kartlarından pulu çıxararaq, ustaların maaşlarını verdi.
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi direktorunun təlim-tərbiyə işləri üzrə müavini bildirir ki, M.Hüseynov səlahiyyətlərini aşaraq, 12 nömrəli Bakı peşə liseyinin təlim emalatxanasının qapısını söküb, öz qardaşı üçün tikdirdiyi evdə quraşdırıb.
"9 saylı Bakı Peşə Liseyinin direktoru işlədiyi müddətdə M.Hüseynov Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin icazəsi olmadan tələbələri bir ixtisasdan digərinə köçürürdü”, - deyə, Ş.Əsədova iddia edir.
Bundan əlavə, Ş.Əsədovanın sözlərinə görə, M.Hüseynovun müəllimlərə öz ixtisaslarına aid olmayan fənlərin tədrisi üçün əlavə saatlar hesabladığına dair faktlar var.
"M.Hüseynov 12 nömrəli Bakı peşə liseyi ərazisinin bir hissəsini qanunsuz olaraq icarəyə verib. Məsələn, şagirdlərin istifadəsi üçün nəzərdə tutulmuş idman zalının bir hissəsi sürücülük məktəbinə icarəyə verilib. Bu qanunsuzdur, çünki tələbələr idman zalından istifadə edə bilmirlər.
Bundan əlavə, M.Hüseynov müvafiq təhsili olmayan insanları işə götürməyi özünə rəva görür. Bu cür hərəkətlər yolverilməzdir, ümumi təhsil müəssisələrinin müəllimlərinin təyinatı və ya başqa bir təhsil müəssisəsinə köçürülməsi Təhsil Nazirliyinin səlahiyyətindədir. Ümumiyyətlə, fərqli ixtisaslı müəllimlərin təyin olunması prosesi yalnız Peşə Təhsili üzrə Dövlət Agentliyinin razılığı ilə mümkündür”, - deyə, Ş.Əsədova sözlərini yekunlaşdırıb.
Media.Az vətəndaşın şikayəti ilə əlaqədar Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət edib.
"Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru barədə daxil olan məlumat araşdırılır. Araşdırmanın nəticələrinə uyğun olaraq, direktora qarşı irəli sürülən faktların nə qədər həqiqətə uyğun olub-olmadığı ilə bağlı açıqlama veriləcək”, - Peşə Təhsili üzrə Dövlət Agentliyinin cavabında qeyd olunub.