Son illər məktəblilərimizin yerli və bir sıra beynəlxalq olimpiadalarda uğurlu çıxışları ənənəyə çevrilib. Bu dəfə də onların növbəti uğur sorağını aldıq. Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Zəhra Qasımzadə, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının XI sinif şagirdi Züleyxa Kişiyeva, Türkiyənin Orta Doğu Texnik və Sabançı universitetlərinin birinci kurs tələbələri Nofəl Qədimli və Ülvi Musayevin birgə inkişaf etdirdikləri "Click_Energy” adlı (klavişlərdən enerji alan klaviatura) layihə dünyanın ən böyük olimpiadalarından olan GENIUS olimpiadasının biznes kateqoriyası üzrə finalına vəsiqə qazanaraq, hər biri 20 000 dollar dəyərində mükafata (universitetdə təhsil təqaüdünə) layiq görülüb.
Akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Zəhra Qasımzadə "Azərbaycan müəllimi"nə layihə və beynəlxalq olimpiada barədə məlumat verib:
- VIII sinifdən bir neçə layihə üzərində işləmişəm. Xüsusi beynəlxalq tədbirlərdə və müsabiqələrdə iştirak etmişəm. 2018-ci ilin sonlarında dostlarım ilə birgə layihələr haqda müzakirə apararkən internetdən araşdırma etdik və gördük ki, belə bir innovativliyi hələ heç kəs etməyib. Düşündük ki, niyə də yox? Əvvəlki təcrübələrimizə əsaslanaraq fikrimizi Züleyxa və Nofəl ilə birgə layihələşdirdik və bir neçə yerə müraciət etməyə başladıq. Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu bizə inkubasiya dəstəyi göstərdi. Ölkə üzrə bəzi uğurlar qazandıqdan sonra qlobal proqramlar və müsabiqələri araşdırdıq, tapdıq və müraciət etdik. Pozitiv rəylər aldıq və çoxlu nailiyyətlər, uğurlar, təcrübələr qazandıq. Layihəmizi prototip mərhələsində bacardığımız qədər təkmilləşdirsək də, investisiya qazanıb tam satışını həyata keçirmək istəyirik...
Zəhra Qasımzadənin sözlərinə görə, "Click Energy” layihəsinin əsas məqsədi alternativ enerji ilə öz- özünü təmin edə bilən texnologiyaları bazara çıxartmaqdır. Problem ondan ibarətdir ki, hazırda insanların ekoloji baxımdan təmiz, asan əldə olunan, həmçinin rahat istifadə edilə bilən texnologiyalara ehtiyacı var. "Click Energy" layihəsi simsiz texnologiya üzərində qurulmuş və özü- özünü enerji ilə təmin edə bilən məhsul təklif edir. Belə ki, müştərilər sadəcə klavişlərə basmaqla lazımi enerjini əldə edəcəklər və batareyanı dəyişməyə ehtiyac qalmayacaq. Bundan əlavə, layihə üzrə təklif edilən məhsullar kifayət qədər rahat, kompaktdır.
GENIUS olimpiadası ətraf mühit məsələlərinə dair qlobal bir anlayışı və təməl elm, sənət, yaradıcı yazı, mühəndislik, dizayn və biznes inkişafı ilə davamlılığa nail olmağı təşviq edir. GENIUS olimpiadası orta məktəb şagirdləri üçün vətəndaş, lider, elm adamı, rəssam, yazıçı, mühəndis və gələcəyin siyasət aparıcısı olmağa kömək edəcək bilik və bacarıqlar aşılamaq üçün çətinliklər və fürsətlər təqdim edir.
Məlumat üçün bildirək ki, GENIUS olimpiadası "TERRA Science and Education” və "Rochester Institute of Technology” təşkilatları tərəfindən hər il keçirlir. Şagirdlərimiz eyni adlı layihə ilə bundan öncə #upNEXT_Startup_Competition adlı yarışmasında da 3000 dollar həcmində mükafat qazanıb. Bundan başqa, #Elevate_the_Future_Cloud9 adlı sahibkarlıq və dünyanın ən böyük yaşıl biznes ideyaları yarışmasında (ClimateLaunchpad Azerbaijan) finala vəsiqə qazanıblar.
Gənc ixtiraçıların "Click Energy” layihəsi 2019-cu ildə dünya üzrə ən yaxşı 100 layihədən biri olub. Layihə bir sıra ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə yüksək yerlərə layiq görülüb.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına liseyin builki məzunu olan Zəhra artıq Türkiyənin Özyeğin Universitetinin biznesin idarəolunması ixtisasına (ingilis sektoru) 85 faiz təqaüd qazanıb. muallim.edu.az