Coğrafiya İnstitutu karantin dövründəki elmi və təşkilati fəaliyyətini açıqlayıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun əməkdaşları elmi fəaliyyətlərini evdə qalmaqla davam etdirirlər. Alim və mütəxəssislər karantin şəraitinə uyğun olaraq, əlaqədar müəssisə və təşkilatlarla distant şəkildə əlaqə saxlayaraq, imkan daxilində, lazımi məlumatları əldə edərək araşdırmalar aparırlar.
Bu barədə Coğrafiya İnstitutundan məlumat verilib. Bildirilib ki, Lanşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov su çatışmazlığı şəraitində Azərbaycanda "Təmiz əllər” kampaniyasının uğurla keçirilməsi yolundakı çətinliklər, Ekocoğrafiya şöbəsinin müdiri, aqrar üzrə fəlsəfə doktoru Ənvər Əliyev Pandemiya ilə əlaqədar elan edilmiş karantin şəraitində ölkədə ekoloji vəziyyətin durumu, Tibbi coğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Solmaz Rzayeva Covid- 19-un Azərbaycan ərazisində yayılmasının fəsadları, Geoinformatika və kartoqrafiya şöbəsinin böyük elmi işçisi Yaşar Nəsibli Coğrafi İnformasiya Sistemləri texnologiyasının müasir proqram təminatlarının istifadəsilə müasir rəqəmsal xəritə bazalarının hazırlanması sahəsində, eləcə də digər əməkdaşlar müasir zaman üçün aktual olan mövzularda tədqiqatlar aparır, distant elmi seminarlar üçün elektron məruzələr hazırlayırlar.
Coğrafiya İnstitutunun alimləri "Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi üzərindəki işlərini davam etdirərək, artıq sonuncu cildi tamamlamaq üzrədirlər. İşlənmiş məqalələr onlayn şəklində yoxlanılaraq redaktə edilir və çapa hazırlanır.
Əməkdaşlar, eyni zamanda üzərində çalışdıqları beynəlxalq layihələrdə də işlərini davam etdirirlər.
İnstitutda üçü 1- ci, ikisi 2-ci kursda olmaqla, 3 ixtisas üzrə təhsil alan 5 magistrlə aprelin əvvəlindən distant dərslərə başlanılıb.
İnstitutun karantin dövründəki fəaliyyəti Coğrafiya İnstitutunun gsaz.az veb saytı və Feysbuk sosial səhifəsi vasitəsilə əməkdaşlara çatdırılır və rəhbərlik tərəfindən nəzarət edilir.
muallim.edu.az