Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
AzTehsil.com AZƏRTAC-a istinadən xəbər verir ki, e dövlətimizin başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl addımlar atılır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində 2024-cü ilin mayında Xocalıya ilk köç baş tutub.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” 2025-ci il fevralın 25-də Sərəncam imzalayıb.