H/N sənədlər
18 may 2016
7 923


Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.
         Əmək bəşəriyyətin həyatında əvəzedilməz rola malikdir. İnsanı heyvanlar aləmindən ayıran ilk cəhət də məhz əmək olmuşdur. Tarix elmindən bizə məlumdur ki, ilk insanları heyvanlar aləmindən ayıran başlıca cəhət onların əmək alətləri hazırlaya bilmələri və ondan istifadə etmək bacarığı olmuşdur. Bundan sonra insan məhz bu bacarığına görə özü üçün həyat vasitələri istehsal etmiş və istehlak etmişdir. Tarixin sonrakı dövrlərində də əməyin səmərəli tətbiqi nəticəsində məhsuldar qüvvələr inkişaf etmiş, bu inkişaf nəticəsində də iqtisadi-ictimai formasiyalar bir-birini əvəz etmişdir. Iqtisadiyyat elmindən də bizə məlumdur ki, əmək yeganə dəyər yaradan kateqoriyadır. Əmək sərf olunmayan hər hansı bir şey heç bir dəyərə malik deyil. Beləliklə, belə bir nəticəyə gəlmək olur ki, insan cəmiyyətinin yaranmasında və inkişafında açar rolunu oynayır. Cəmiyyətin həyatında əmək ictimailəşdikcə onun tətbiq edildiyi iqtisadi sahələrdə unikal ictimai münasibətlər meydana gəlir. Bu ictimai münasibətlər əməklə bağlı olduğu üçün əmək münasibətləri adlanır.
Əmək münasibətlərinin hüquqi tənzimlənməsi problemi də daim aktual olmuşdur. Bu münasibətləri tənzimləyən hüquq normaları hüquq elmində də özünəməxsus sahə yaratmışdır. Bu sahə "əmək hüququ” sahəsi adlanır. Əmək münasibətlərini tənzimləyən hüquq normaları müxtəlif normativ aktlarda təsbit edilmişdir. Bu aktlar aşağıdakı siyahıda verilmişdir:
1. Azərbaycan Respublikasının konstitusiyası;
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
3. Azərbaycan Respublikasının müvafiq qanunları;
4. Müvafiq İcra hakimiyyəti orqanlarının öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri normativ – hüquqi aktlar;
5. Əmək – sosial, iqtisadi məsələlərlə bağlı Azərbaycan Respublikasının bağladığı və tərəfdar çıxdığı beynəlxalq müqavilələr.
         Azərbaycan Respublikasının Konstitusiyası  Azərbaycan Respublikasının ərazisində bütün normativ - hüquqi aktlardan üstün hüquqi qüvvəyə malikdir və birbaşa tətbiq edilir. Heç bir normativ – hüquqi aktın müəyyən etdiyi qayda konstitusiyamızda təsbit edilən qaydalara zidd ola bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi birbaşa əmək münasibətlərinə həsr edilmişdir. Həmin maddədə qeyd edilir ki, Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Bu o deməkdir ki, hər kəs peşə və məşğuliyyət növünü, iş yerini seçməkdə sərbəstdir. Lakin bu sərbəstlik onun əmək qabiliyyətinə, yəni peşə bacarıqlarına uyğun olmalıdır. Həmin maddənin növbəti hissələrində isə heç kəsin zorla işlədilməsinə yol verilmədiyini, məcburi əməyin qadağan olunduğunu, belə halların yalnız məhkəmə qərarı əsasında, fövqəladə vəziyyət zamanı və hərbi xidmət zamanı komandanlığın əmrlərinin yerinə yetirilməsi zamanı yolverilən olduğu barədə göstəriş vardır. Bundan başqa əmək müqaviləsinin bağlanmasına məcbur edilməyin yolverilməz olduğu da öz əksini tapmışdır. İşçilərin sağlam və təhlükəsiz şəraitdə işləmək hüquqları, dövlətdən sosial müavinətlər almaq hüquqları da təsbit edilmişdir. Bu maddənin son hissəsinə görə isə dövlət öz öhdəsinə işsizliyin aradan qaldırılması kimi mühüm bir vəzifə götürür. Bundan başqa Konstitusiya tətil hüququnu da özündə təsbit etmişdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi, Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsində nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları;  Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir.
Əmək münasibətlərini tənzimləyən digər qanunlar dedikdə mülkiyyət, sosial təminat, vergi, sahibkarlıq fəaliyyəti, insan hüquqlarının müdafiəsi ilə bağlı münasibətlərini tənzimləyən, əmək normalarının pozulmasına görə mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutan qanunlar nəzərdə tutulur ("Məşğulluq haqqında” AR Qanunu, "Əmək miqrasiyası haqqında” AR Qanunu, Mülki Məcəllə, Vergi Məcəlləsi, "Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanunu, "Həmkarlar ittifaqı haqqında” AR Qanunu,  İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və s.).
Müvafiq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar dedikdə, Azərbaycan Respublikasının Prezidentinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, müxtəlif nazirliklərin, komitələrin, dövlət agentlik və xidmətlərinin qəbul etdikləri aktlar başa düşülməlidir. Yuxarıda adları qeyd olunan dövlət orqanlarının o aktları əmək qanunvericiliyinə daxildir ki, onlar məhz əmək münasibətlərinin tənzimlənməsinə xidmət etmiş olsunlar. Bu barədə Prezidentin fərmanlarını, Nazirlər Kabinetinin qərarlarını, nazirlik, komitə və xidmətlərin əsasnamələrini, və "qaydalar”ını misal göstərmək olar.
Bundan başqa Azərbaycan Respublikasının ərazisində həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr də qüvvədədir və onların əmək münasibətlərini tənzimləyən hissəsi əmək qanunvericiliyinin ayrılmaz hissəsi hesab olunur. Həmin aktların ölkəmizin ərazisindəki hüquqi rejimi belədir: əgər həmin beynəlxalq aktlarla Azərbaycan Respublikasının Konstitusiyasının və referendumla qəbul edilmiş digər aktlarının normaları arasında ziddiyyət yaranarsa, onda Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilmiş aktlar üstün hüquqi qüvvəyə malikdir və onların normaları tətbiq edilməlidir.
Beynəlxalq aktların normaları ilə digər ölkədaxili aktların normaları arasında arasında ziddiyyət yarandıqda isə beynəlxalq aktların normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası 19 may 1992-ci ildən Beynəlxalq Əmək Təşkilatının üzvüdür və bu təşkilatın 60-dan çox konvensiyasını ratifikasiya etmişdir. Azərbaycan dövlətinin tərəfdar çıxdığı əmək, sosial və iqtisadi məsələlərlə bağlı beynəlxalq müqavilələrə aşağıdakıları misal çəkmək olar: insan hüquqları haqqında Ümumi Bəyannamə; mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt; Avropa Sosial Xartiyası; İllik ödənişli məzuniyyətlər haqqında 52 nömrəli Konvensiya; əmək haqqının mühafizəsi haqqında 95 nömrəli Konvensiya və s.
Bütün bu normativ aktlar bazar iqtisadiyyatı şəraitində kapitalla əməyin barışdırılmasına, habelə insan hüquq və azadlıqlarının, demokratik dəyərlərin qorunmasına xidmət edir.






Загрузка...