Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.
Nəticələrə əsasən, imtahanda iştirak edən 1655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib.
Bu qədər şəxsin imtahanda uğur qazanması məktəblərdəki kiçik vəzifələrin aktuallaşmasına səbəb olub.
Kimlər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı ola bilər?
Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçıdirektorun müavini hesab edilərək, məktəbdə və məktəbdənkənar tərbiyə işlərinin əsas rəhbəri sayılır.
Bu vəzifə sahiblərinin pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilləri, 3 ildən az olmayaraq pedaqoji stajları olmalıdır.
Onun vəzifə səlahiyyətlərinə nələr daxildir?
Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçının əsas vəzifəsi sinif rəhbərləri və müəllimlərin apardığı tərbiyəvi işlərə rəhbərlik etmək, onlara lazımi metodiki kömək və istiqamətlər vermək, şagird kollektivinin, uşaq və gənclər təşkilatının apardığı tərbiyəvi işləri nizamlamaq və məqsədyönlü təşkil etməkdir.
2017-ci ildə qəbul olunmuş "Təhsil sahəsinə aid qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda bu vəzifə sahiblərinin əmək funksiyası belə şərh olunub:
O, məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllim, psixoloq və tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir.
Gənclərin milli-mənəvi, əxlaqi dəyərlərinin formalaşması, vətənpərvərlik ruhunda tərbiyəsi, çağırışaqədərki hazırlığı, fiziki inkişaf və bədii-texniki yaradıcılığı, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir.
Bu vəzifə sahibləri həm də müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaratmalı, birgə tədbirlər keçirməlidirlər. Şagirdlər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işin təşkili də onun vəzifə səlahiyyətlərinə daxildir.
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı nələri bilməlidir?
Bu vəzifə sahiblərinin aşağıdakı biliklərə sahib olması mütləqdir:
-"Təhsil haqqında”, "Gənclər siyasəti haqqında” və "Uşaq hüquqları haqqında” qanunlar;
-Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyası;
-Təhsil və elm sahəsinə aid ölkə fərman və sərəncamları;
-Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları;
-Qabaqcıl təlim-tərbiyə metodları;
-Pedaqogika və pedaqoji psixologiyanın son nailiyyətləri;
-Uşaqların asudə vaxtlarının səmərəli təşkili yolları;
-İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; tərbiyənin tədrislə vəhdətini;
-Fəal təlim metodları, sosial-psixoloji ünsiyyət metodlarını;
-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları.
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçının əməkhaqqı nə qədər olur?
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılarının aylıq vəzifə maaşı direktorun vəzifə maaşından 15 faiz aşağı olur.
Onun fəaliyyət planı necə tərtib edilir?
Məktəbin tərbiyə işlərini düzgün, planlı və səmərəli şəkildə həyata keçirmək üçün tərbiyə işləri üzrə təşkilatçının tərbiyəvi iş planı olmalıdır. İş planının quruluşu aşağıdakı kimi tərtib edilə bilər:
-Giriş hissə;
-Şagird kollektivi ilə aparılan tərbiyə işləri;
-Sinif rəhbərləri, müəllimlər, məktəb kitabxanaçısı və məktəb uşaq və gənclər təşkilatları ilə aparılan metodiki işlər;
-Ailə, ictimaiyyət və əmək kollektivləri ilə aparılan birgə işlər;
-Tədbirlərin təhlili və hesaba alınması.
Planın I bölməsində tərbiyə işləri üzrə təşkilatçı keçənilki tədbirlərin qısa xülasəsini verməli, onların keçirilməsində yol verilən çatışmazlıqları qeyd etməli, bununla da əvvəlki fəaliyyətlərinə yekun vurmalıdır. Bu bölmədə həmçinin keçən il keçirilmiş tədbirlərin müsbət cəhətləri də qeyd edilməlidir.
Giriş hissədə məktəbin tərbiyə işlərinin qarşısında duran tərbiyəvi vəzifələr, tərbiyə problemləri qeyd edilir.
II bölmədə şagirdlərlə aparılacaq tərbiyə işləri planlaşdırılır. Bu bölmədə tərbiyə işləri üzrə təşkilatçının ümumməktəb miqyasında keçirəcəyi mühüm tərbiyəvi tədbirlər planlaşdırılır.
Planın III bölməsində tərbiyə işləri üzrə təşkilatçının sinif rəhbərləri, müəllimlər, məktəb kitabxanaçısı və uşaq və gənclər təşkilatları ilə aparacağı işlər planlaşdırılır.
Təşkilatçının iş planının IV bölməsi bir neçə hissədən ibarət ola bilər:
-Valideynlərin pedaqoji cəhətdən maarifləndirilməsi;
-Məktəbin əmək kollektivləri ilə qarşılıqlı əlaqəsi;
-Məktəbin yaşayış yerlərindəki ictimai təşkilatlarla əlaqəsi;
-Məktəbin inzibati orqanlarla əlaqəsi.
-Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi.
Təşkilatçının iş planının V bölməsinə görə, hər bir fəaliyyətin səmərəliliyini təmin etmək üçün onun uçotunu aparmaq və təhlil etmək, qiymətləndirmək vacibdir. Bununla əlaqədar, aşağıdakı istiqamətlərdə iş aparıla bilər:
-Sinif rəhbərlərinin və uşaq və gənclər təşkilatı rəhbərlərinin hesabatlarını dinləmək;
-Direktoryanı müşavirələrdə və metodbirləşmənin iclaslarında sinif rəhbərlərinin gördükləri işləri müzakirə etmək;
-Müxtəlif siniflərin keçirdikləri tədbirlərdə iştirak etmək.azedu.az