Dövlət başçısının sərəncamları onların məmnunluğuna səbəb olub
Ölkə başçısı İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması ilə bağlı verdiyi sərəncamlardan bəhrələnənlər təbii ki, gənclərimizdir. Martın 1-dən onlar təqaüdlərini yeni artımla alacaqlar. Artıq tələbələr arasında rəqabət güclənib.Onlar yaxşı bilirlər ki, kim daha yaxşı oxuyacaqsa, kimin akademik göstəriciləri yüksək olacaqsa, o da artımdan faydalana biləcək. Bakalavriat təhsilindən sonra magistraturada, daha sonra isə doktorantura təhsili almaq istəyənlərin sayında da artım proqnozlaşdırılır. Təhsil mütəxəssisləri belə deyir... Bəs tələbələr özləri nə düşünür?
Elmir Sadıqov (Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının maliyyə ixtisası üzrə III kurs tələbəsi):
-Hazırda UNEC-də Azərbaycanda ilk dəfə əsası qoyulan Tələbə-Rektor İnstitunun tələbə-rektor vəzifəsini icra edirəm. Məlumat üçün bildirim ki, bu bizim universitetdə yaradılan bərabər hüquqlu idarəetmə orqanıdır. Tələbələrlə rektor arasında əlaqələri quran vasitəçi və tələbə təşkilatlarının işinə nəzarət edən orqandır. Mənim üçün belə bir məsuliyyətli vəzifəni aparmaq qürurvericidir. Universitet daxilində ictimai fəaliyyətlə məşğul olmağımdan və strateji vəzifəni icra etməyimdən asılı olmayaraq, elmi yöndə olan fəaliyyətimə və akademik göstəricilərimin yüksəlməsinə də xüsusi diqqət ayırıram. Oxuduğum 3-il ərzində, bir neçə dəfə dövlət təqaüdündən, eləcə də Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan gənclərə ayırdığı təqaüddən yararlanmışam. Təhsil aldığım dövrdə akademik göstəricilərimin yüksəkliyinə əsasən əldə etdiyim ümumi təqaüd məbləğlərində illər üzrə kifayət qədər fərqlər olmuşdur.
Belə ki, ölkə başçısı İlham Əliyevin tələbələrə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində tələbə təqaüdlərinin məbləği bir neçə sərəncamla, əvvəlki illərlə müqayisədə ən yüksək həddə çatmışdır.Təkcə bakalavriat səviyyəsi üzrə əlaçı təqaüdünün dəyəri üzərindən müqayisə aparsaq görərik ki, "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ildən qüvvəyə minən artımına əsasən əlaçı təqaüdü 95 manat idi. Lakin cənab Prezidentin ötən həftə verdiyi sərəncama əsasən bakalavriat səviyyəsi üzrə əlaçı təqaüdü 130 manat dəyərində müəyyənləşib. Əvvəlki ilə yeni təqaüd arasında 35 manat fərq var. Ardıcıl olaraq verilən məqsədyönlü sərəncamlar və onların verdiyi yüksək nəticələr, tələbə məmnunluğunun səviyyəsinin artımı Prezident İlham Əliyevin gənclərə və gəncliyə olan həssas niyyətindən xəbər verir. Ölkəmizdə gənclər sektoru üzrə aparılan uğurlu siyasət, artıq bütün gənclərdə sözün əsl mənasında gələcəyə nikbin baxışın vacibliyini aşılayıb. Maddi durumu çətin olan hər hansı tələbə, təhsil aldığı dövrdə qarşılaşdığı çətin situasiyalarda dövlətin ona olan xüsusi qayğısını hiss edir.
Mədinə Əli (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin II kurs tələbəsi):
-Yaxşı oxuyan tələbə olaraq təqaüdümün artması xəbərini sevinclə qarşıladım. Bu xoş xəbər mənim kimi bir çox tələbənin də sevincinə səbəb oldu. Ölkə başçısına təşəkkürümü bildirirəm ki, biz gəncləri daim diqqət mərkəzində saxlayır, qayğı və dəstəyini əsirgəmir. Sosial şəbəkələri izləyən insan olaraq deyə bilərəm ki, bu sərəncamlar hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Belə ki, yazılan rəylər, söylənilən fikirlər bunu deməyə əsas verir. Prezidentimizin təhsilin inkişafına yönəlmiş islahatları bir gənc olaraq məni qürurlandırır, gələcəyə böyük inam yaradır. Təhsilimi bakalavr pilləsi ilə məhdudlaşdırmağı düşünmürəm. Gələcəkdə magistratura və doktorantura səviyyələrində təhsil almaq qarşıma qoyduğum əsas hədəflərdəndir. Bilirəm ki, təhsilin həmin pillələrində oxuyan gənclərin də təqaüdləri artıb. Həmin vəsaitlə sosial xərclərimi ödəməyə, elmi işlərimi öz hesabıma yerinə yetirə biləcəyimə artıq əminəm.
Nəzrin Əliyeva (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin II kurs tələbəsi):
-Ölkə başçısı tərəfindən imzalanan sərəncamlar biz tələbələrin sosial qayğılarının azalmasına əhəmiyyətli təsir göstərəcək. Düşünürəm ki, təhsil haqqı xərclərimizi üzərinə götürən ailələrimizə yük olmayacağıq. Artıq təqaüdlə özümüzün vacib ehtiyaclarımızı ödəyə, asudə vaxtımızı səmərəli keçirə bilərik. Və ya həmin vəsait hesabına özümüzü inkişaf etdirə, dil yaxud kompüter biliklərimizi artıra bilərik. Təqaüdlərin artırılması tələbələrin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, təhsilin keyfiyyətinin yüksəlməsinə də xidmət edəcək. Belə ki, biz tələbələr arasında yaxşı oxuyub təqaüdü qazanmaq uğrunda rəqabət güclənəcək. Bal kriteriyalarına görə fərqlənən təqaüdü əldə etmək üçün öz üzərimizdə daha çox çalışıb yüksək nəticələr əldə edəcəyik. Bir neçə il bundan əvvəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrə də təqaüdlərin verilməsi ilə bağlı qərarı xatırlatmaq istəyirəm. Bu addım tələbələr tərəfindən müsbət qarşılanmışdı. Nəhayət ki, belə bir ədalətli qərarın verilməsi biz gəncləri çox sevindirmişdi. Məhz bu qərardan sonra təqaüd uğrunda yaxşı mənada "mübarizə" başlanmış, ən layiqlilər təqaüdü qazanmışdı və bu yarış hazırda da davam edir. Təqaüdlərimizin artması yəqin ki, bu prosesə bir az da təkan verəcək, ən yaxşılar, ən savadlılar onu qazanmaq üçün daha çox çalışacaqlar.
Həmayə İSAYEVA (Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin I kurs tələbəsi):
-Təhsilimiz günü-gündən inkişaf edir. Bu inkişaf isə biz tələbələri çox sevindirir. Azərbaycanda təhsilə xüsusi diqqət və qayğı mövcuddur. Artıq 1 ildir ki, ADPU-nun İbtidai təhsil fakültəsində təhsil alıram. Burada rektor, professor Cəfər Cəfərovun rəhbərliyi ilə aparılan məqsədyönlü işlər nəticəsində çox ciddi nizam-intizam, imtahan sessiyasında şəffaflıq, obyektivlik hökm sürür. Bu fakültədə oxumaqdan məmnunam. Bu günlərdə Prezident İlham Əliyev təqaüdlərimizin artırılması ilə bağlı sərəncam imzalayıb. Bu, biz tələbələr üçün xoş bir hadisədir. Dövlət sifarişi ilə oxuduğum üçün 60 manat alırdım. İmtahanlarda yüksək nəticə göstərdim və zərbəçi oldum. İndi 110 manat təqaüd alacağam. Əlaçı tələbə yoldaşlarım isə 130 manat alacaq. Bu artım məni və bütün yoldaşlarımı təbii ki, çox sevindirir. Təqaüdüm yeni kitablar almağıma, müxtəlif dil kurslarında iştirak etməyimə kömək edəcək. Bu artım bizə yalnız maddi deyil, həm də mənəvi dəstəkdir. Belə ki, yoldaşlarımız arasında yaxşı mənada rəqabət hissini gücləndirib.
Dövlət başçısı İlham Əliyevə biz gənclərə hər zaman qayğı və diqqət göstərdiyinə görə ailəm, tələbə yoldaşlarım və öz adımdan dərin minnətdarlığımı bildirirəm.