Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...
Dünya təhsil sistemində universitet rektorları ilə tələbələr arasında olduqca səmimi münasibət mövcuddur. Bu faktı xaricdə, xüsusən də Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr də təsdiq edirlər. Rektorların tələbələr üçün əlçatan olması isə təhsilin inkişafına təsir edən amillər sırasına daxildir desək, yəqin yanılmarıq.
Görəsən Azərbaycan universitetlərində rektorların tələbələrlə münasibəti necədir? Və onların şikayətləri necə həll olunur? Onlar tələbələr üçün əlçatandırlarmı? Tələbələr öz rektorları ilə görüşə bilirlərmi?
Aztəhsil.com xəbər verir ki, modern.az-ın "Tələbələr rektor barədə” rubrikasında ayrı-ayrı universitetlərdə təhsil alan tətləbələrin öz rektorları barədə fikirlərinə yer verilir.
Ötən dəfə Slayvan Dövlət Universitetinin tələbələri öz rektorları haqda düşüncələrini bölüşmüşdülər.
Bu dəfə isə Azərbaycanın qabaqcıl ali təhsil ocaqlarından sayılan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri arasında sorğu keçirdik.
Mustafa Babanlı 2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib. Universitetin rektoru Mustafa Babanlıya münasibətdə tələbələrin fikirlərini təqdim edirik:
"Ümid edirəm mənim Mustafa müəllim haqqında dediyim cavabları, Bakı Dövlət Universitetinin tələbələri də Abel Məhərrəmov haqqında qeyd ediblər...”
Bu sözləri sorğu iştirakçısı Neft və mexanika fakültəsinin tələbəsi Ayhan Süleymanov deyib:
Tələbə qeyd edib ki, rektoru əsasən açıq mikrafon günləri və iclaslarda görür.
"Ümumən istər problem, istər digər məsələlər olsun, bir neçə dəfə ünsiyyətdə olmuşam. Dünya ilə müqayisə etmirəm, amma Azərbaycan çərçivəsində deyərdim ki, tələbələrə münasibətini çox yaxşı qiymətləndirirəm. Çünki ölkəmizdə dünya təcrübəsi ilə müqayisə edilə biləcək inkişaf etmiş təhsil yoxdur. Mustafa müəllim tələbələrlə çox yaxşı davranır və hər şeyi həll edir.
Və bir məsələni də qeyd etmək istərdim ki, kimsə kimdənsə çəkinməsə, onun verdiyi qərarlardan da çəkinməyəcək. Fərqi yoxdur bu rektor-tələbə münasibəti olsun və ya ata-oğul. Bu iki münasibət bir-birinə çox bənzərdir. Azərbaycanda inanmıram ki, "rektorla keçən gün çay içirdik" deyən tələbə tapılsın. Bunu nə dərəcədə düzgün hesab etmək olar? Fikrimcə, rektor əksər hallarda sərt olmalıdır, hətta müəllim də. Təbii ki, əgər sonda uğurlu nəticə istəyirsənsə...”.
Qaz - neft - mədən fakültəsində təhsil alan Ülkər Əsədullayeva isə universitetdə təşkil olunan bir neçə tədbirlərə qatılsa da, rektoru görməyib.
"Mən hələ birinci kursda, üstəgəl də qiyabi təhsil alıram. Dekabr sessiyası imtahanları ərəfəsində rektoru görəcəyimə ümid edirəm”.
İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin tələbəsi Yusif Bünyatzadə:
"Rektorla şəxsi ünsiyyətim yaranmayıb, sadəcə müəyyən iclaslarda, tədbirlərdə görmüşəm. Ətrafımda da kiminləsə ünsiyyətinin şahidi olmamışam, nə də problemim yaranmayıb ki, müraciət edəm. Düşünürəm ki, qış sessiyası imtahanlarından sonra içi mən qarışıq rektora yaxınlaşanlar az olmayacaq. Yuxarı kurslardan eşitmişəm ki, bu məsələlərdə heç vaxt köməklik göstərmir, lakin tələbələr ümid edərək yaxınlaşırlar”.
Geoloji kəşfiyyat fakültəsinin tələbəsi Məhəmmədəli Hüseynov rektor Mustafa Babanlının hansısa tələbə ilə pis rəftar etdiyinin şahidi olmadığını qeyd edib.
"Öz rektorumuz olduğu üçün demirəm, yalnız belə bir vəziyyəti nə görmüşəm, nə də eşitmişəm.
Nə vaxt koridorda görərsə, salamlaşır və nə problemimiz olduğunu soruşur. Ümumiyyətlə, istiqanlı adamdır. Şəxsən təklikdə söhbətim olmasa da, tez-tez dərslərimizə gəlib nə kimi problemimiz olduğu ilə marağlanır”.
İnformasiya texnologiyaları və idarəetmə fakültəsində təhsil alan Sara Muradova universitetlərdəki rektor-tələbə münasibətlərini şablon hesab edir.
"Bizim rektor da elə başqa universitetlərin rektorları kimi standart olaraq lazım gələrsə, problemlərimizlə maraqlanır, müəyyən güzəştlər edir. Məncə, bu formal xarakter daşıyır. Hamıda necə, bizdə də elə...”.
Geoloji Kəşfiyyat Fakültəsinin tələbəsi Kamran Həmzəyev: "Rektoru görmüşəm, amma söhbət etməmişəm. Açığı rektor haqqında danışmağa heç həvəsli də deyiləm”.
Qaz - neft - mədən fakültəsinin tələbəsi Qafqaz Cəfərov bizi əmin edir ki, Mustafa müəllim çox gözəl insandır.
"Nə yalan deyim ki, rektorla şəxsi ünsiyyətdə olmamışam. Bir dostum var İTİF-də oxuyur. O dedi ki, qrupa gələrək tələbələrlə söhbətləşdi.
Bizim universitetlər hələ ki dünya səviyyəsində inkişaf etmiş ali təhsil ocaqları deyil. Necə ki, xaricdə tanınmış biznesmenlər ictimai nəqliyyatdan istifadə edirlər, amma bizimkiləri ictimai nəqliyyatda görə bilmərik. Eynən də rektorlarımızı da müqayisə etməyi düzgün hesab etmirəm”.
Energetika fakültəsində təhsil alan Şəbnəm İsmayılova ümid edir ki, nə vaxtsa rektoru yaxşı insan kimi tanıdığına yanılmayacaq.
"Rektoru yalnız açıq mikrofon günlərində görmüşəm. Ümumi müşahidələrimə əsasən deyə bilərəm ki, olduqca mehriban və səmimi insandır”.