İki ixtisas üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb - VİDEO
"Gigiyena” və "Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb.
Aztəhsil.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, 2017/2018-ci tədris ili üçün rezidenturaya ayrılmış 505 plan yerinə qəbul aparılıb. Plan yerləri 93 % dolub. Müalicə işi və pediatriya istiqaməti üzrə plan yerlərinin 4,76%-i və tibbi profilaktika istiqaməti üzrə isə 24,59 %-i boş qalıb.
Məleykə Abbaszadə deyib ki, tibbi profilaktika istiqaməti üzrə imtahan verən namizədlər ixtisas seçimi zamanı "Yoluxucu xəstəliklər” ixtisasına üstünlük veriblər.
2017-ci ildə imtahanın birinci mərhələsinin nəticələrinə əsasən, imtahanda iştirak etmiş 1077 namizəddən müsabiqə şərtini ödəmiş 665 nəfəri, yəni 62%-i ikinci mərhələyə buraxılıb, onlardan 655 nəfəri imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib. 2016-cı illə müqayisədə ötən il də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrində müsbət dinamika müşahidə olunub. Belə ki, müsabiqə şərtini ödəmiş namizədlərin sayı 195 nəfər artıb ki, bunların da 162 nəfəri müalicə işi və pediatriya istiqaməti üzrə imtahan vermiş namizədlərdir.
Qurum rəsmisi həmçinin onu da bildirib ki, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul imtahanlarına hazırlıqla bağlı Dövlət İmtahan Mərkəzində müəyyən işlər aparılır. Bu işlərdən biri də test bankına yeni test tapşırıqlarının daxil edilməsi ilə bağlıdır.
Qeyd edək ki, 2013-cü ildən etibarən rezidenturaya qəbul imtahanlarında bütün istiqamətlər üzrə açıq formalı test tapşırıqlarından istifadə olunur. Açıq formalı test tapşırıqları namizədlərin bilik və bacarıqlarının hərtərəfli üzə çıxarılmasına, onların əldə etdikləri bilikləri praktikada tətbiq etmələrinə və qiymətləndirmədə yüksək hazırlıqlı namizədlərin fərqləndirilməsinə imkan verir.