Azərbaycanda yeni beyin mərkəzi YARADILDI
Azərbaycanda yeni beyin mərkəzi fəaliyyətə başlayıb. Çağdaş Strateji Araşdırma Məkəzi (ÇSAM) adlanan təşkilatın rəhbəri siyasi şərhçi Seymur Süleymanovdur.
Aztəhsil.com modern.az-a istinadən xəbər verir ki, yeni yaradılan mərkəzin əsas məqsədi dinamik inkşafda olan Azərbaycanda xarici siyasətin və təhlükəsizlik siyasətinin daha yüksək səviyyədə araşdırılması, demokratiyanın və insan hüquqları sahəsinin, bölgəmizdə və dünyada gedən siyasi, iqtisadi, hərbi və s. proseslərin daha yaxından öyrənilməsi və analizi, müxtəlif sahələr üzrə proqnozların, təhlillərin ictimaiyyətə aydın şəkildə çatdırılmasıdır:
"ÇSAM eyni zamanda Azərbaycanda humanitar sahələr üzrə tədqiqatçılığın gücləndirilməsinə töhfə verməyi, bu məqsədlə qeyd olunan sahədə təcrübəyə malik olan gənclər üçün xüsusi proqramlar həyata keçirməyi də məqsəd kimi müəyyənləşdirmişdir”.
S.Süleymanovun sözlərinə görə, Çağdaş Strateji Araşdırma Mərkəzi tərəfindən hazırlanan materiallar ölkə KİV-ləri ilə yanaşı, tərəfdar.az informasiya portalında da yayımlanacaq.