İbtidai sinif müəllimləri ilə görüş keçirilib
İbtidai sinif müəllimləri ilə 2025-2026-cı tədris ilində qarşıda duran hədəflərlə bağlı görüşlər davam edir.
AzTehsil.com xəbər verir ki, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları, direktor müavinləri, ötən və cari tədris ilində 4-cü siniflərdə tədris aparan ibtidai sinif müəllimlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Tural Sayılov və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov tərəfindən 2024-2025-ci tədris ilində aparılmış monitorinq qiymətləndirmələrinin nəticələri barədə təhlillər təqdim edilib, nəticələr əsasında formalaşan tədris göstəriciləri və müəllim fəaliyyətindəki müsbət və inkişaf etdirilməli tərəflər müzakirə olunub.
Görüşdə həmçinin ümumi təhsil müəssisələrində keçirilən 4-cü siniflər üçün diaqnostik qiymətləndirmənin nəticələri barədə də təhlillər təqdim edilib. Cari tədris ili üçün müəyyənləşdirilmiş hədəflər, tədrisin keyfiyyətinin artırılması istiqamətində nəzərdə tutulan tədbirlər və müəllimlərin peşəkar inkişafı ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu cür görüşlərin təşkili təhsil prosesinin daha səmərəli təşkili, şagird nailiyyətlərinin yüksəldilməsi və müəllimlərin metodiki dəstək alması baxımından mühüm əhəmiyyət kəsb edir.![]()











