Qubada “Surxayın izi” kitabının təqdimatında şəhidin əziz xatirəsinə dərin ehtiram göstərilib
Qubada “Surxayın izi” kitabının təqdimatında şəhidin əziz xatirəsinə dərin ehtiram göstərilib.
AzTehsil.com xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə Azərbaycan Respublikasında elan olunmuş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsi şəhidi, baş çavuş Mehdiyev Surxay Zülfi oğlunun xatirəsinə həsr edilmiş və yazar Nuray Rəşidin müəllifi olduğu “Surxayın izi” kitabının təqdimatı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəhid, baş çavuş Mehdiyev Surxay Zülfi oğlunun mənalı ömür yolunu əks etdirən videoçarx tədbir iştirakçılarına təqdim edilib.
Rəsmi hissəni filialın sosial və humanitar məsələlər üzrə direktor müavini, p.ü.f.d. Aysel Şeydayeva açıq elan edərək, tədbir iştirakçılarını ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyevin adından salamlayıb, filialda Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan ətraflı danışıb.
Tədbirin açılışında çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən bəhs edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun dövlətçilik tariximizə qızıl hərflərlə yazdığı bu qələbənin hüquqi, siyasi və mənəvi əhəmiyyətini vurğulayıb. Səidə Abasova həmçinin Quba Şəhidlər Xiyabanında aparılan abadlıq və bərpa işləri, yenilənmiş qəbirüstü abidələr və Anım Günü ərəfəsində görülən tədbirlər barədə məlumat verərək, xiyabanın rayon ictimaiyyəti üçün müqəddəs bir ziyarətgaha çevrildiyini qeyd edib.
Daha sonra çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı sosial siyasətimizin əsas istiqamətlərindən biridir. O, şəhidlərin doğum və anım günlərində məzarlarının ziyarət olunduğunu, ailələri ilə görüşlər keçirildiyini, onların daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.Tədbir filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının II tədris ili tələbəsi Təhminə Fətəliyevanın moderatorluğu ilə davam edib.
Daha sonra kitabın müəllifi, yazar Nuray Rəşid “Surxayın izi” kitabı barədə geniş məlumat verib:
“‘Surxayın izi’ kitabı həm ağrımızı, həm də qürurumuzu daşıyan bir ədəbi salnamədir. Surxay bu torpağın qüruruna çevrildi, izlərini isə tarixə, yaddaşımıza və ürəklərimizə həkk etdi. Onların hekayəsi təkcə bir ömrün deyil, bütöv bir millətin hekayəsidir.”
Yazar əlavə edib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan 66 hərbi qulluqçusundan biri olan baş çavuş Mehdiyev Surxay Zülfi oğlunun ömür yoluna dair məlumatlar toplanıb. O, 1985-ci il dekabrın 7-də Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Zülfi və Rəsmiyyə Mehdiyevlərin ortancıl övladı olan Surxayın bir bacısı və bir qardaşı var. Ailə 1993-cü ildə Ağdamın işğalından sonra məcburi köçkün həyatı yaşayıb, əvvəlcə Bakıya, daha sonra isə Quba rayonuna köçüb. Doğma yurdun itirilməsi və köçkünlük həyatı uşaq yaşlarından Surxayın yaddaşında dərin iz buraxıb. “Surxayın izi” kitabı da onun həyatına, mübarizəsinə və qəhrəmanlıq yoluna həsr olunmuş tarixi bir salnamədir. Çıxışın sonunda yazar Nuray Rəşid tərəfindən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova kitab təqdim edilib.
Tədbirdə həmçinin Vətən müharibəsi iştirakçısı, döyüşçü Orxan Abdullayev şəhid Surxay Mehdiyevin xidməti dövrdə ona hədiyyə etdiyi bereti, yazar Nuray Rəşid vasitəsilə şəhidin oğlu Zülfi Mehdiyevə təqdim edib. Bu an tədbir iştirakçıları tərəfindən böyük duyğusallıqla qarşılanıb.
Mərasimdə I Qarabağ müharibəsi iştirakçısı Əbülfəz Rəşidov, xalq şairi Ramiz Qusarçaylı, şəhidin təhsil aldığı Quba şəhər 1 saylı tam orta məktəbin direktoru Habil Bayramlı, psixoloq Firəngiz Tağıyeva və şəhidin ailə üzvləri çıxış ediblər. Onlar belə vətənpərvər övlad yetişdirdiklərinə görə şəhidin valideynlərinə minnətdarlıq bildirib, Surxay Mehdiyevin igidliyini gələcək nəsillər üçün nümunə kimi dəyərləndiriblər. Şair Ramiz Qusarçaylının “Vətən” poemasından səsləndirdiyi hissə tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.
Şəhidin anası Rəsmiyyə Mehdiyeva oğlunun xatirəsinə göstərilən diqqət və ehtirama görə təşəkkür edib, kitabın gələcək nəsillər üçün bir qəhrəmanlıq örnəyi olacağını qeyd edib.
Tədbirin bədii hissəsində ADPU-nun Quba filialının tələbələrinin, Quba şəhər 1 saylı tam orta məktəbin və R.Məmmədov adına Quba rayon Alekseyevka kənd tam orta məktəbin şagirdlərinin ifasında müxtəlif ədəbi-bədii kompozisiyalar və şeirlər səsləndirilib.
Qeyd edək ki, tədbirdə Quba rayonunun hüquq mühafizə orqanlarının, Quba Rayon Polis Şöbəsinin şöbə rəisləri, rayonun idarə və müəssisə rəhbərləri, Şəhid ailələrinin üzvləri, qazilər, məktəb rəhbərləri, filialın professor-müəllim və tələbə heyəti iştirak edib.
Mərasim xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb. Daha sonra bütün iştirakçılara yazar Nuray Rəşidin imzası ilə kitablar hədiyyə olunub və filialın pedaqoji yeməkxanasında ehsan süfrəsi təşkil edilib.
![]()











