Qəbul imtahanına birgə hazırlaşıb və eyni Universiteti seçiblər
AzTehsil.com xəbər verir ki, hər iki məzun qəbul imtahanına birgə hazırlaşıb və eyni Universiteti seçiblər .
Bərdə şəhəri Tofiq İsmayılov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Şəmsiyə İmanlı: “493,3 balla Beynəlxalq münasibətlər ixtisasına qəbul olmuşam. Uzun müddət zəhmət çəkdik, birlikdə çalışdıq və nəticədə hər ikimiz istədiyimiz ixtisasa qəbul olduq. Ən maraqlısı da odur ki, eyni universitetdə təhsil alacağıq. Dərs saatları, yeni mühit, yeni müəllimlər və qrup yoldaşları, bunların hər biri mənə çox maraqlı gəlir. Beynəlxalq münasibətlər sahəsi mənim üçün hər zaman cəlbedici olub. İnanıram ki, bu sahədə biliklərimi artıraraq gələcəkdə ölkəmizin beynəlxalq arenada təmsil olunmasında rol oynaya biləcəyəm”.
Bərdə rayonu Feruz Sadıqov adına Qaradəmirçi kənd tam orta ümumtəhsil məktəbinin məzunu İsmayılova Şəlalə: “520,3 balla Xarici dil müəllimliyi ixtisasına qəbul olmuşam. Hər ikimiz üçün çətin, eyni zamanda da məhsuldar bir dövr oldu. Şəmsiyə ilə birgə hazırlaşmaq mənə böyük motivasiya verdi. İndi isə əminəm ki, universitet illərimiz də çox maraqlı və yadda qalan olacaq. Mən hər zaman müəllim olmaq arzusunda olmuşam. Uşaqlara nəsə öyrətmək, onların həyatında müsbət iz buraxmaq mənim üçün böyük xoşbəxtlikdir.
İndi isə bu arzumun reallığa çevrilməsinə çox az qalıb. Universitetdə keçirilən dərslər, dil praktikasının daha da dərinləşdirilməsi üçün olan imkanlar məni çox sevindirir. Hazırda dərslərimə, tələbə təşkilatlarında iştirak etməyə, eləcə də şəxsi inkişafıma fokuslanmışam. Əminəm ki, bu universitetdə aldığım biliklərlə gələcəkdə çox yaxşı bir müəllim olacağam”.