Liseylərə müəllim qəbulunun müsahibə mərhələsi keçirilir
Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulunun müsahibə mərhələsi keçirilir.
AzTehsil.com xəbər verir ki, Gəncə şəhər humanitar və təbiət fənləri təmayüllü lisey (Gəncə şəhər S.Vurğun adına 41 nömrəli tam orta ümumtəhsil məktəbinin bazasında yaradılan) və Göygöl rayon texniki, təbiət fənləri təmayüllü liseyə 2025-2026-cı tədris ili üçün müəllimlərin qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsi keçirilir.
Müsahibə mərhələsində yalnız GDRTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində daimi əsaslarla çalışan və qiymətləndirmə nəticəsi tələb olunan meyara uyğun namizədlər iştirak edirlər.
Yeni liseylərdə yüksək nəticə əldə etmiş, innovativ tədris metodlarına sahib və şagird yönümlü yanaşmaya üstünlük verən müəllimlərin cəlb olunması məqsədi ilə seçim prosesi müsahibə əsasında həyata keçirilir.
Müsahibə mərhələsində namizədlərin peşəkar bilik və ixtisas hazırlığı, pedaqoji və metodiki bacarıqlar, kommunikasiya və şəxsi keyfiyyətlər və digər mövzularda bilik və bacarıqları yoxlanılır.
Müsahibələr davam edir.