İcma əsaslı məktəbəqədər təhsil modeli genişlənir
İcma əsaslı məktəbəqədər təhsil modeli genişlənir
2018-ci ildən etibarən həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi ucqar və əlverişsiz, məktəbəqədər təhsil müəssisəsi olmayan ərazilərdə uşaqların məktəbəqədər təhsilə əlçatanlığını təmin edən alternativ model kimi fəaliyyət göstərir.
Layihənin əsas məqsədi məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirməklə bağça yaşlı uşaqların 4 inkişaf sahəsinin inkişafını təmin etmək, erkən yaşda təlimin uşağın sosial-emosional, kiçik və böyük motor hərəkətləri və intellektual bacarıqlarının yaxşılaşmasına dəstək göstərmək, həmçinin onun məktəbdəki akademik göstəricilərinin yüksəldilməsinə və növbəti təhsil pillələrinə daha yaxşı hazırlanmasına zəmin yaratmaqdan ibarətdir.
Layihə eyni zamanda bölgələrdə qadınların məşğulluğunun artırılmasına, icma mədəniyyətinin formalaşmasına, valideyn-məktəb əməkdaşlığının möhkəmləndirilməsinə və ailələrin təhsil prosesinə fəal qoşulmasına da töhfə verir.
AzTehsil.com xəbər verir ki, hazırda layihə ölkə üzrə 58 rayon və şəhərdə həyata keçirilir. 885 icma mərkəzində təşkil olunmuş 1177 qrupda 1042 nəfər tərbiyəçi-müəllim fəaliyyət göstərir. Bu model vasitəsilə ümumilikdə təxminən 19 000 nəfər bağça yaşlı uşağın məktəbəqədər təhsilə cəlbi təmin olunub.
Layihənin əhatə dairəsinin daha da genişləndirilməsi istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.