Valideynlərlə hesabat iclası keçirilib
Valideynlərlə hesabat iclası keçirilib.
AzTehsil.com xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə V–X sinif şagirdlərinin valideynlərinin iştirakı ilə il ərzində görülən işlərə dair hesabat iclası keçirilmişdir.
İclasda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova iştirak etmişdir.
Tədbirdə məktəbin 2024–2025-ci tədris ili ərzindəki fəaliyyəti geniş şəkildə təhlil olunmuş, şagirdlərin akademik nailiyyətlərində müşahidə olunan irəliləyişlər, imtahan və olimpiadalarda əldə olunan yüksək nəticələr barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, məktəbin qarşılaşdığı çətinliklər və bu çətinliklərin həlli istiqamətində atılan addımlar valideynlərin diqqətinə çatdırılmışdır.
Davranış qaydalarına əməl olunması və məktəbdə nizam-intizamın təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, müəllim heyətinin ixtisasartırma kurslarında və müasir tədris metodlarının tətbiqində fəal iştirakı da vurğulanmışdır. Sosial və mədəni tədbirlər, ekskursiyalar və müxtəlif layihələr məktəb həyatını daha da zənginləşdirmiş, maddi-texniki baza qismən gücləndirilmişdir.
İclasda gələcək dövr üçün təhsilin keyfiyyətinin artırılması, valideynlərlə əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf yönümlü strategiyaların həyata keçirilməsi əsas prioritetlər kimi qeyd olunmuşdur.