“Peşəyönümlü təhsilin inkişafına yardım” İctimai birliyi layihə icrasını davam etdirir
PEŞƏYÖNÜMLÜ TƏHSİLİN İNKİŞAFINA YARDIM” İCTİMAİ BİRLİYİ (PTİY İB) 1 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Ümumtəhsil məktəblərində “Gələcəyin peşələri” mövzusunda peşəyönümü tədbirlərinin təşkili” adlı layihənin icrasına başlamışdır. Layihənin icrası uğurla davam edir.
4 ay müddətində icra ediləcək layihənin əsas ideyası şagirdləri rəqəmsal iqtisadiyyat şəraitində yaranacaq yeni peşələr barədə maarifləndirməkdir. Peşəyönümü işi təhsil sistemi, xüsusən də məktəblilər üçün həyati vacib məsələ olmasına baxmayaraq, əsassız olaraq məktəblərimizdə buna lazımı diqqət ayrılmayıb. Amma son illər NK-nin məktəblərdə peşəyönümü işinin təşkili ilə əlaqədar təsdiq etdiyi əsasnamə bu sahədə işlərin fəallaşmasına səbəb olmuşdur. Bu mənada vətəndaş cəmiyyətinin bu sahədə təcrübəsi olan qurumlarının təhsil sektoruna dəstək verməsi əhəmiyyətli ola bilər.
Layihə çərçivəsində təşkil edilən tədbirlərdə şagirdlərlə gələcəyin peşələri yönümlü söhbətlər aparılmış, ölkəmizində rəqəmsallaşma perspektivləri, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində məsələlərə toxunulmuşdur. Bu aspektdə yaranacaq yeni peşələr haqqında uşaqlara məlumat verilmiş, müvafiq videosüjetlər təqdim edilmişdir.
İnteraktiv formatda keçən tədbirdə şagirdlər öz peşə seçimləri, gələcək karyera arzuları barədə də danışmış, onları maraqlandıran məsələlərə dair suallar vermişlər. Tədbir şagirdlərin böyük marağına səbəb olmuşdur.