AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib
Noyabrın 16-da Azərbaycan Texniki Universitetində "İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi tərəfindən hazırlanan "Milli sənətlər” və "Müasir peşələr” adlı sosial çarx nümayiş etdirilib.
Universitetin Gənclərin Virtual İdarəetməsi və İnkişafı Mərkəzinin rəhbəri Vüqar Əliyev deyib ki, video çarxların hazırlanmasında AzTU ilə yaxından əməkdaşlıq edilib. Vüqar Əliyev bildirib ki, video çarxların "Müasir peşələr” bölümündə çəkilən üç tələbədən ikisi hazırda AzTU-da təhsil alır.
"İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyinin sədri Rəşad Cəfərov layihə haqqında məlumat verərkən qeyd edib ki, video çarxlarda peşələrlə yanaşı xalq sənətləri də təbliğ olunub. Təşkilat sədri milli sənətlərin təbliğ olunmasını müasir zamanda bu sənət sahələrinin inkişafına, gənclərin bu sahəyə yönləndirilməsinə böyük ehtiyac olması ilə əlaqələndirib.
Daha sonra tələbələr video çarxları izləyib və təbliğ edilən peşələr, sənətlər haqqında diskussiya təşkil olunub.
Qeyd edək ki, sosial çarxlar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən " Peşə təhsilinin ictimai statusunun yüksəldilməsi məqsədilə sosial çarxların hazırlanması və təqdimatının keçirilməsi” layihəsi çərçivəsində hazırlanıb. Milli sənətlərə həsr olunan videoçarxda şəbəkə, kəlağayı və təkəlduz sənətləri barədə məlumatlar yer alır. İkinci videoçarxda isə kompyuter mühəndisliyi, dizaynerlik və silah mühəndisliyini seçmiş gənclər öz uğur hekayələrindən danışırlar.