Maskadan istifadə məcburiyyəti aradan qaldırılır? - Bu tarixdən etibarən ...
"Artıq bir çox ölkələrdə qapalı məkanlarda maskadan istifadə məcburiyyəti aradan qaldırılıb".
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib.
Mütəxəssis bildirib ki, Azərbaycanda da bu cür qadağaların aradan qaldırılması gözlənilir:
"Hələ ki, bizim ölkədə bu qayda tətbiq olunmur. Lakin gündəlik yoluxma sayındakı enişləri nəzərə alsaq, vaksinasiya prosesinin uğurla gedişini nəzərə alsaq, yaxın dövrlərdə bizim də ölkəmizdə bu cür qadağaların aradan qaldırılması gözlənilir.
Hazırki gündəlik yoluxma sayındakı xırda rəqəmlə bir müddət davam etsə, artıq bizdə də qapalı məkanlarda maskadan istifadə məcburiyyəti ləğv oluna bilər. Bunun üçün bir müddət vaxt lazımdır ki, bu rəqəmlər bir müddət stabil olaraq davam etsin.
Amma qapalı məkanlarda maskadan istifadə qadağasının ləğvinə tam dəqiq olaraq nə zaman bizdə də tətbiq ediləcəyini demək olmur, çünkü bu qərar Operativ Qərarın səlahiyyətində olan bir məsələdir. Biz də bu qərarı gözləyirik, amma proqnozlar yaxşıya doğru getdiyinə görə, ümid edirik ki, bizdə də yay aylarında qapalı məkanlarda maskasız gəzməyə icazə veriləcək. Amma mütləq şəkildə buster dozanın, ümumiyyətlə vaksinasiyanın tələb olunmağı xeyli müddət davam edəcək.
Artıq 2 ilə yaxındır ki, biz pandemiya ilə mübarizə aparırıq. Bəli, karantin rejiminin yumşaldılmağa başlaması artıq bizim yavaş-yavaş pandemiyadan çıxmağımızın göstəricisidir. Ancaq pandemiyanın bitməyi virusun bitməyi demək deyil. Sadəcə rəqəmlərin digər respirator infeksiyaların sayına, ölümə səbəb olan digər sayı həddinə düşməsi artıq pandemiyanın bitməyi demək olacaq.
Təbii ki, virus yenə olacaq, yenə ölümlər olacaq, bunun qarşısı alınmazdır. Amma pandemiyaya səbəb olan rəqəmlər vaksinin köməkliyi ilə təkrarlanmayacaq. Beləliklə də biz pandemiyadan çıxmnağa nail olacağıq".