Magistraturaya qəbul olmaq istəyən ən yaşlı bakalavrın 59 yaşı var
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanında iştirak etmək üçün ərizələrin qəbulu internet vasitəsilə fevralın 1‑dən 10-dək aparılıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanda iştirak etmək üçün 17097 bakalavr ərizə təqdim edib. Onlardan 15653 nəfəri Azərbaycan bölməsi, 1444 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 10307-si cari ilin, 6790-ı isə əvvəlki illərin məzunlarıdır, 33 nəfər xarici ölkə vətəndaşıdır. Magistraturaya qəbul olmaq istəyən ən cavan bakalavr 2003-cü ildə, ən yaşlı bakalavr isə 1963-cü ildə anadan olub.
Bakıda 12307, Naxçıvanda 558, Gəncədə 1418, Sumqayıtda 1208, Abşeronda 698, Mingəçevirdə 574, Lənkəranda 334 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 271 imtahan rəhbəri və ümumi rəhbər, 1590 nəzarətçi-müəllim, 146 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.