Təhsil eksperti: “Bir məktəbdə direktor 100-ə yaxın şagirdin dərsə gəlməməsinə şərait yaradıb”
“Biz paytaxtdakı bir məktəbdə direktorun 100-ə yaxın şagidin dərs buraxmasına şərait yaratdığını aşkarladıq”.
Bunu təhsil eksperti Elşən Qafarov AzTV-nin efirində uşaq əməyinin istismarı mövzusunda fikir bildirərkən deyib.
Onun sözlərinə görə, 2015-ci ildə şagirdlərin icbari təhsildən yayınma hallarının qarşısının alınması üçün Milli Məclisə təklif verilib:
“Təklif o idi ki, təhsildən yayınanaların cərimə edilməsi ilə bağlı inzibati icra səlahiyyətləri məktəblərə verilsin. Bu qayda bir sıra sahələrdə var. Bu, eyni zamanda, məktəblərdə davamiyyəti aşağı salan qeyri-adi üsulları da aradan qaldıra bilərdi. Məsələn, məktəb direktorları pul alıb şagirdlərin məktəbə gəlməməsinə şərait yaradırlar. Bu yaxınlarda paytaxtda böyük məktəblərdən birində 100 şagirdin dərsdən yayındığını aşkarladıq. Əgər məktəblərdə bu vəziyyətə nəzarət, cərimə tətbiqi olarsa, bunu qismən düzəltmək olar. Bizim kifayət qədər vicdanlı məktəb direktorlarımız, kollektivlərimiz var”.
Təhsil eksperti onu da qeyd edib ki, bu gün uşaqların təhsildən yayınmasına nəzarət edən qurum tam şəkildə müəyyənləşdirilməlidir:
“Bu mövzuda son qərarı verən kimdir? Qanunla bu gün bu məsələni Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi koordinasiya etməlidir. Nəzarət isə hər nazirliyin, aidiyyəti qurumun səlahiyyətləri çərçivəsində olmalıdır. Amma nə qədər güclü nəzarət olsa da, günbəgün küçələrə çıxan uşaqların sayı artır”.