Diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün keçiriləcək imtahana qeydiyyat başlanıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə imtahan 2022-ci il yanvarın 23-də keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalında dekabrın 23-ü saat 10:00-dan 2022-ci il yanvarın 12-si saat 18:00-dək aparılacaq.
Bu barədə DİM-dən bildirilib. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. Namizədlərin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 110 AZN təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə yazılı imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
İmtahanda namizədlərə test və esse tapşırıqları təqdim olunacaq. Test tapşırıqları namizədlərin qanunvericilik və ümumi sahəvi biliklər, ümumi dünyagörüşü, rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə sahələri üzrə biliklərini yoxlayacaq. Həmçinin namizədlərin Azərbaycan dili və seçdiyi bir xarici dil (qeydiyyat zamanı namizədin imtahan vermək istədiyi xarici dil kimi müəyyənləşdirdiyi dil) üzrə bilikləri esse tapşırıqları formasında yoxlanılacaq. Xarici dil seçimi yalnız esse tapşırığı üçün nəzərdə tutulub.
Qeyd edək ki, qeydiyyat zamanı soruşulan “bildiyiniz xarici dillər” məlumat əldə etmək xarakteri daşıyır və yazılı imtahan mərhələsində yoxlanılmır.
İmtahan müddəti 4 saatdır: test tapşırıqları üçün 150 dəqiqə, esse tapşırıqları üçün 90 dəqiqə. Həmçinin imtahanda test tapşırıqlarından sonra fasilə nəzərdə tutulur.