Abşeron Rayon Təhsil Şöbə müdiri vəzifəsinə hələki rəsmi təyinat olmayıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə sözügedən vəzifəyə Abşeron Rayon icra başçısı İradə Gülməmmədovanın qudası, Xırdalan şəhər 2 nömrəli məktəbin direktoru Ədalət Camal qızı Camalova gətiriləcək. Artıq yerləşdirmə ilə bağlı hazırlıq işlərinin getdiyi iddia olunur.
Direktor hazırki icra başçısı ilə illərin rəfiqəsi və qudasıdır. Onlar Balakəndə tanış olublar. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya ixtisası üzrə ali təhsil alan İradə Gülməmmədova Balakənə təyinat alanda Ədalət Camalovanıın evində qalıb. Yaxınlıqları da o vaxtdan davam edib və quda olublar.
Ədalət Camalovanın bacısı qızı İradə Gülməmmədovanın gəlinidir. İradə Gülməmmədova rayon poliklinikasında pediatr, Ədalət Camalova isə bağça müdirəsi kimi çalışıb. Sonra İradə xanım Abşerona təyinat alıb.
Əvvəlcə Abşeron rayon uşaq poliklinikasının baş həkimi olaraq çalışıb. Daha sonralar yerli icra hakimiyyətində məsul vəzifə tutub.
Ədalət Camalova isə 2010-cu ildə sabiq Təhsil naziri Misir Mərdanovun müavini İsgəndər İsgəndərovun köməkliyi ilə Xırdalanda 2 saylı məktəbə direktor gətirilib.
Camalova Ədalət Camal qızı 21 fevral 1957-ci ildə Qax rayonunda anadan olub. Fəaliyyəti dövründə 64 yaşlı məktəb direktorunun adı dəfələrlə qalmaqallarda hallanıb. Maraqlıdır ki, rüşvət, qanunsuzluq və intihar (5 il əvvəl 2 aldığına görə 5-ci sinif şagirdinin pəncərədən özünü atması) olayına görə ittiham olunan, 2016-cı ildəki Diaqnostik Qiymətləndirmədə cəmi 10 bal (6+2) toplayan direktor barəsində Təhsil Nazirliyi tərəfindən heç bir tədbir görülməyib.
Bakı Tikiş Evinin formalarını 2 dəfə baha qiymətə satılmasında birbaşa içtirakçı olan Ədalət Camalova valideynlərin də kabusuna çevrilib. Təsadüfi deyil ki, çalışdığı məktəb valideynləri təhsil müəssisəsinə "Cəhənnəm qapısı” adını veriblər.
Ədalət Camalova direktor vəzifəsindən əlavə biznes fəaliyyəti ilə də məşuldur. Xırdalan şəhər Heydər Əliyev adına parkda fəaliyyət göstərən atraksionlar 2 saylı orta məktəbin direktoru Ədalət Camalovaya məxsusdur.
Hansı ki, həmin atraksionların bəzilərinin istismar müddətini başa vurmasına baxmayaraq, müəyyən texniki avadanlıqları belə dəyişdirilmədən fəaliyyətini hələ də davam etdirir. Ötən il həmin istismar müddətini başa vuran atraksionlardan biri aşıb və bir uşaq ağır xəsarət alıb.
Sözügedən atraksionların fəaliyyət göstərməsi barədə isə heç bir rəsmi sənədlər olmadığı, həmçinin Ədalət Camalovanın bu fəaliyyətinə görə dövlət vergisindən yayındığı da bildirilir.
Bundan əlavə Ədalət Camalovanın Balakən rayonlarında böyük torpaq sahələri var. Halbuki direktor mətbuata açıqlamasında qeyd olunan biznes fəaliyyətlərinin özünə deyil, oğluna məxsus olduğunu deyib.
Mənbənin dediyinə görə qudaların ittifaqı bundan sonra daha da möhkəmlənir. Belə ki, İradə Gülməmmədovanın köməkliyi ilə Ədalət Camalova Abşeron Rayon Təhsil İdarəsinə rəhbər vəzifəyə gətirilir. Vəzifə qarşılığında təklif olunan məbləğ barədə də məlumatlıyıq.
Abşeron Rayon Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən saytımıza bildirilib ki, qurum rəhbərliyinə hələki təyinat olmayıb.
Xatırladaq ki, 10 günə yaxındır ki, Abşeron Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Nazilə Məmmədovanın Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbdə baş verən ciddi nöqsanlara görə bağlanmış əmək müqaviləsinə xitam verilib.