“Elm, dostluq və sağlam rəqabət” devizli Məntiq olimpiadası
Əvvəlcə olimpiadanın videoçarxı nümayiş etdirilib.
Olimpiadanı giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə təşkil edilən olimpiadanı yüksək qiymətləndirib. Qeyd edib ki, düzgün təfəkkür haqqında elm kimi götürülən məntiq , həmçinin qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır.
Bildirilib ki, məntiq olimpiadası ilə muxtar respublikada olimpiada hərəkatını başlatmaq, tələbələrin elmə yönləndirilməsinə, eləcə də bilik və bacarıqlarının artırılmasına xidmət etmək əsas missiyadır. Məntiqi biliklərin formalaşdırılması və inkişafına xidmət edən bu cür bilik yarışlarının keçirilməsinin tələbələrin dünyagörüşünə əsaslı təsir edəcəyi də vurğulanıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Universitetinin rektoru Nurlana Əliyeva maraqlı layihənin təşkilatçısı olduqlarına görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildirib və olimpiada iştirakçılarına uğurlar arzulayıb.
Sözləri universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Xanəli Kərimliyə, musiqisi isə incəsənət fakültəsi Xalq çalğı alətləri kafedrasının müəllimi Polad Vəliyə məxsus "Olimpiada himni”nin sədaları altında Olimpiada bayrağı gətirilib.
Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov olimpiada haqda məlumat verib. Qeyd edilib ki, tələbələrin həm məntiqi biliklərinin inkişafına, həm də dünyagörüşünə əsaslı şəkildə təsir edəcək olimpiadanın devizi "Elm, dostluq və sağlam rəqabət” dir.
İki mərhələdə təşkil edilən olimpiadaya 3 ali təhsil müəssisəsindən 250-ə yaxın tələbə onlayn olaraq müraciət edib. Onlardan 110 nəfəri qaydalar üzrə yarışda iştirak hüququ qazanıb. Elektron formatda təşkil olunan yarışın birinci mərhələsində tələbələrə 50 sual ünvanlanıb. İlk mərhələ üçün vaxt limiti 1 saat 30 dəqiqə müəyyənləşdirilib.
Yarışın ikinci mərhələsində hər bir universitetdən ən yüksək nəticə göstərmiş 5 nəfər həmin ali təhsil ocağını komanda olaraq təmsil etmək hüququ qazanıb. Şifahi-elektron formatda təşkil olunan II mərhələdə 30 sual olmaqla hər suala 1 dəqiqə vaxt verilib.
Olimpiadanın final mərhələsində komandalara 30 sual ünvanlanıb. Doğru və tez cavab verən komandalar mərhələnin qalibi seçilib.
NDU-nun komandası olimpiadanın qalibi olub. Naxçıvan Müəllimlər İnstitutu II, Naxçıvan Universiteti isə III yerləri bölüşüblər. Qaliblərə diplom və medallar təqdim edilib. I yerin qalibi isə kubok və pul mükafatı ilə təltif olunub.
Qeyd edək ki, hər iki mərhələdə üç ali təhsil müəssisəsindən müşahidəçilər iştirak edib və yarışın nəticələrini qiymətləndiriblər.