Nazirlik rəsmisinin "2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb” açıqlaması geniş ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayaraq yeni müzakirələrə yol açıb.
"İllərdən bəri artıq hamıya məlum olan faktları qabartmaq vəziyyətdən çıxış yolu deyil.”
Aztehsil.com xəbər verir ki, bunu məsələ ilə bağlı Moderator.az -ın suallarını cavablandırarkən tanınmış təhsil eksperti Nadir İsrafilov deyib.
Eksper bildirib ki, ümumiyətlə saxta diplomlu müəllimlərlə bağlı məsələnin təkrar- təkrar bütün çılpaqlığı ilə gündəmə gətirilməsini problemin həlli baxımından o qədər də uğurlu addım hesab etmir: "Bu kimi açıqlamalar şəffaflıq baxımından məqbul sayılsa da pedaqoji takt baxımından təhsilə olan ümid və inamı, müəllimə olan-qalan etibarı və hörməti daha da azaldır, onsuz da sarsılmış müəllim nüfuzunu cəmiyyətin nəzərində bir daha gözdən salır.”
Ekspertə görə saxta diplomun hansı fəsadlar törədə biləcəyini müəllimlərin ixtisasartırma və yenidənhazırlanması vəzifəsini yerinə yetirən keçmiş Müəllimləri Təkmiləşdirmə institutunun statusunu dəyişərək, "Müəllimlər institutu”na çevirəndə və regionlarda onun 11 filialını yaradanda, müstəqillik əldə etdiyimizlə əlaqədar bütün sahəıərdə olduğu kimi təhsilimizdə də yaranan müəyyən boşluqlardan istifadə edib, 70-dən artıq ali və orta ixtisas təhsil müəssisəsindən 30-a qədərinin müəllim istehsalı ilə məşğul olmasına göz yumanda, market vitrinlərini və küçə tinlərini ayri – ayrı özəl qurumların və təşkilatların ucuz qiymətə xaricə tələbə göndərişləri ilə bağlı elanlarına rəvac verəndə fikirləşmək lazım idi.
"TQDK-nın saxta diplomlarla bağlı dəhşətsaçan statistik həyəcan siqnalına əhəmiyyət vermədik. Vəziyyətlə bağlı durum qonşu ölkələrdə də dilə-dişə düşəndə, hətta Türkiyənin məşhur kino aktrisası Müjdə Ar Bakıdan saxta diplom alacağını bəyan edəndə də buna əhəmiyyət verməyib, zarafatyana deyilmiş bir söz kimi qələmə verdik, əlbəttə, əgər, zarafatda həqiqət gizlənməmiş olsaydı. Müəyyən cüzi istisnalar olmaqla saxta diplom alanlar bir yana, heç saxta diplom verənlərə, nə də bu diplomlarla işə götürənlərə də "gözün üstə qaşın var” belə demədik.”
N. İsrafilov hesab edir ki, baxmayaraq ötən illərlə müqayisədə saxta diplom dönəmi xeyli arxada qalıb, bununla bağlı bu məsələnin bir daha qabardıllması, səngiməkdə olan təzahürün yenidən dramatikləşməsinə, yeni-yeni "Müjdələrin” in ortalığa atılıb, istehza ilə çoxtirajlı qəzetlərə müsahibə verməsinə səbəb ola bilər. "Hesab edirəm ki, nə qədər ki, illərdən bəri hamıya məlum faktları sadalamaqla vəzifəmizi bitmiş hesab etmək qənaəti ilə kifayətlənəcəyik, diplom və ya hər hansı bir digər saxtakarlığın qarşısının alınması istiqamətində konkret və əməli tədbirlər həyata keçirib, buna obyektiv və şəffaf qiymət verməyəcəyik, bu kimi halların bir daha baş verməməsindən heç cür sığortalana bilməyəcəyik. Saxta diplom problemini həll edənədək, heç olmasa bundan sonra da olsa professor Şahlar Əsgərovun təbirincə ifadə etsək, "xəstə” diplomlarla sağlam işə adam götürülməsində bir az diqqətli olaq.