Azərbaycanda gündəlik yoluxanların sayı günbəgün azalmaqda davam edir. Yanvarın 6-na olan statistik məlumatlara görə 799 nəfər koronavirusa yoluxub, 2383-ü isə sağalıb və evə buraxılıb.
Son günlər yoluxmaların sayında müşahidə olunan ciddi azalma mart ayından mərhələli ənənəvi təhsilin bərpasını gündəmə gətirir. Mart ayından ilk olaraq ibtidai siniflər üçün ənənəvi tədris bərpa edilə bilərmi?
Bununla bağlı KONKRET.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, "Təhsil öz ətrafında 2 milyondan çox şəxsi birləşdirdiyinə görə birdən-birə bu prosesin bərpası gözlənilmir. Nəzərə alsaq ki, onlayn qaydada təhsil tədris edilsə də, xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlər bu vasitə ilə mövzunu tam mənimsəyə bilmirlər. Zəruri bilik və bacarıqlara yiyələnmirlər. Ümumiyyətlə, təhsil prosesinin birdən-birə bərpası gözlənilmir. Düzdü, ölkəmizdə uzun müddətdir ki, karantin rejimidir. Bu da ciddi şəkildə yoluxmaların artmasına imkan vermir. Son günlər də yoluxanların sayında xeyli azalma var. İnsanlar pandemiya dövründə davranış qaydalarına əməl edirlər. Bu vərdişlərə də yiyələniblər. Bugünki yoluxmaların sayı onu deməyə əsas verir ki, mart ayına qədər ənənəvi təhsilin bərpası gözləniləndir. Hətta beynəlxalq təşkilatlar təhsil sisteminin bu qədər uzun müddətdə bağlı qalmasına müsbət yanaşmır və tövsiyə olunur ki, tədris prosesi mütləq şəkildə bərpa edilməlidir. Çünki bu, daha ciddi fəsadlara gətirib çıxara bilər”.
Kamran Əsədov qeyd edib ki, rəqəmlər mart ayına qədər daha da azala bilər: "Nəzərə alsaq ki, 50-yə yaxın ölkədə vaksinasiyaya başlanılıb. Yaxın günlərdə ölkəmizdə də başlanılması gözlənilir. Əlbəttə, bütün bu proseslər ənənəvi təhsilin bərpasına ümid yaradır. Ən ciddi məsələ tədris bərpa edildikdən sonra qaydalara əməl edilməsidir. Təbii ki, birdən-birə bütün dərslər ənənəvi qaydada bərpa edilə bilməz. Nəzərə alsaq bizim şagirdlər uzun müddətdir tədris prosesindən kənarda qalıblar. Hətta onlar müəyyən qədər tənbəlləşiblər”.
Ekspert vurğulayıb ki, aparılan monitorinqlər onu göstərir ki, onlayn dərslərin başlama saatı fərqlidir: "Əgər ənənəvi dərslər 8-də başlayırsa, onlayn qaydada isə bu proses 9-10 arası, hətta günün ikinci yarısı da baş tutur. Bu da şagirlər arasında müəyyən tənbəlləşməyə gətirib çıxarıb. Digər tərəfdən, mart ayından bizim şagirdlərimiz məktəbə getmirlər. Birdən-birə dərslər bərpa edilərsə, onlar tam şəkildə dərs prosesinə adaptasiya olmayacaqlar. Yəni birinci mərhələdə dərslərin hibrid qaydada, saat 8-dən gec başlaması tövsiyə olunur ki, şagirdlər psixoloji və fiziki şəkildə prosesə uyğunlaşa bilsinlər. Çünki şagirdlər 10 aydır ki, ənənəvi təhsildən uzaqdır. Onların birdən-birə dərslərə başlaması müəyyən fəsadlar yarada bilər.
Digər vacib məsələ tədris prosesindəki dərs yükü ilə bağlıdır. Təbii ki, hazırda onlayn qaydada mənimsəyə bilmədikləri mövzuların da dərinləşmiş qaydada sürətləndirilmiş proqramlarla təkrarı vacibdir. Xüsusi formativ imtahanlar həyata keçirilməlidir ki, bu müddətdə mənimsəyə bilmədikləri mövzuları yenidən öyrənə bilsinlər. Çünki fənnlər və siniflərlə əlaqəni nəzərə alsaq, orada müəyyən problemlər qaçılmazdır. İnanıram ki, bu addım mütləq atılmalıdır.
Kamran Əsədov söyləyib ki, şagirdlər mart ayında ənənəvi dərslərə başlayarlarsa, tədris ilinin bitmə müddəti müəyyən qədər fərqli ola bilər: "Çünki şagirdlər uzun müddət prosesdən uzaq qalıblar. Bu baxımdan məktəblilər may ayında tədris ilinin bitməsi barədə düşünməməlidirlər. Əgər biz tam şəkildə proqramın çatdırılmasını, zəruri bilik və bacarıqların formalaşdırılmasını düşünürüksə, tədris müddətinin bitmə zamanına yenidən baxılmalıdır. Ən yaxşı halda mart ayından ənənəvi dərslər qismən bərpa edilə bilər”.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov saytımıza açıqlamasında ibtidai siniflər üçün martın 1-dən ənənəvi qaydada dərslərin bərpa ediləcəyi ilə bağlı səsləndirilən fikirlərin əsassız olduğunu vurğulayıb: "Sosial şəbəkədə gün ərzində yüzlərlə belə xəbər çıxır. Təhsil Nazirliyi hər hansı məsələ olanda və qərar verəndə ilk olaraq özü bu barədə məlumat yayır. Hazırda bununla bağlı heç bir rəsmi qərar yoxdur”.