Məlumdur ki, 20 aprel tarixinə qədər ölkə üzrə xüsusi gücləndirilmiş karantin rejimi qüvvədə olacaq.
Hələki rəsmi qərar olmasa da, karantin müddətinin uzadılması məsələsi də gündəmdədir. Koronavirus pandemiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri isə ilk olaraq təhsil ocaqlarından başlanıldı. Belə ki, 3 mart tarixindən etibarən ölkə üzrə bütün təhsil ocaqlarında tədris dayandırıldı. Hazırda isə onlayn dərslər keçirilir. Təhsil prosesi, dərslərin bərpa olunması, abituriyentlərin durumu, qəbul imtahanları və digər bu kimi məsələlərdə hələ də müəyyən qaranlıq məqamlar mövcuddur.
Bununla bağlı Cebhe.info-nun suallarını Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli cavablandırıb.
-İsa müəllim, koronavirusla bağlı təhsil müəssisələri bağlandı. Onlayn tədris prosesi davam etsə də, bu məsələdə də müəyyən problemlər, internet təminatı və s. (xüsusilə də regionlarda) mövcuddur. Ümumiyyətə, koronavirusun təhsilə vurduğu zərər nələr oldu və aradan qaldırılması üçün hansı işlər görülməlidir?
-Pandemiyanın həyatımızın bütün sahələrində çətinlik yaratdığı bir reallıqdır. Amma fikrimcə, Azərbaycan dövlətinin, prezidentinin gördüyü tədbirlər bütün sahələrdə az itki verməklə prosesi irəli aparmağa xidmət edir. Təhsil Nazirliyi çətinlikləri aradan qaldırmaq üçün onlayn dərslər keçirir. Mənim nəvələrim də orta məktəbdə oxuyur. Hər gün görürəm, kifayət qədər normal dərs keçirlər. Əlbəttə, internet təminatı olan yerlərlə bu prosesi aparmaq asandı. Azərbaycanın da demək olar ki, hər yerində, hətta dağlıq ərazilərində də internet işləyir. Düşünürəm ki, internet vasitəsilə dərslərin keçirilməsi bu çətinliyi xeyli dərəcədə aradan qaldırır. Tövsiyə edirəm ki, bundan daha da səmərəli istifadə olunsun.
-Təhsil Nazirliyi bildirib ki, koronavirusa görə buraxılmış dərslərin kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Sizin tövsiyələrinizi bilmək istəyirdik…
-Koronavirus dövrü gec bitərsə, təhsil müddəti artırıla, yay dövründə də təhsil davam etdirilə bilər. Sıxlaşdırılmış qrafiklə internetdə keçilməyən ilin ikinci yarısının dərsləri tədris oluna bilər. Bununla da boşluq aradan qaldırıla bilər. Onlayn dərslərin keçirilməsi də bizdə ilk təcrübə idi. Bu günə qədər bu olmamışdı. Distant təhsil təhsil forması kimi qəbul olunmuşdu, amma bundan istifadə olunmurdu. Düşünürəm ki, bundan sonra Təhsil Nazirliyinin distant təhsillə bağlı tədbirləri daha da genişləndirəcək. "Mədəniyyət” kanalında hər gün bir çox fənlərlə bağlı çox peşəkar müəllimlər dərs keçir. Onlayn dərslər təşkil olunur. Şagirdlərin öz müəllimləri onlayn qaydada tapşırıqlar verir. Bütün bunların post koronavirus dövründə də davam edəcəyini istisna etmirəm. Düşünürəm ki, yay ayları müddətində də bu ilin dərs yükü başa çatdırılacaq.
-Abituriyentlərlə bağlı müəyyən narahatlıqlar var. Qəbul imtanlarının keçirilib-keçirilməməsi ilə bağlı yekun qərar yoxdur. Əgər keçirilərsə qəbul imtahanının sualları necə tərtib olunmalıdır? Nəzərə alaq ki, bu müddətdə dərslər praktik olaraq keçirilməyib. Test bankı yenilənə bilırmi?
-Dövlət İmtahan Mərkəzi imtahanların vaxtının uzadılması ilə bağlı məlumat verib. Bu da təbii reallıqdır. Çünki insanların kütləvi şəkildə bir yerə toplaşması koronavirus pandemiyasının yayılmasına şərait yarada bilər. Düşünürəm ki, qısa müddətdə koronavirus bitəcək və imtahanlar təşkil olunacaq. Sözsüz ki, test sualları bir neçə ay əvvəl hazırlanır. Amma koronavirus uzun müddət davam edərsə, buna uyğun olaraq Dövlət İmtahan Mərkəzi öz test bankına müəyyən dəyişikliklər edə bilər. Amma yenə də düşünürəm ki, koronavirus qısa zamanda bitəcək və bunlara ehtiyac qalmayacaq.