DİM-də GRE: General Test imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzində (DİM) sentyabrın 5-də GRE: General Test imtahanı keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilir ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı GRE: General Test imtahanı 2020-ci il sentyabrın 5-i DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahan saat 10:00-da başlanır. İmtahanda iştirak edəcək şəxslər saat 9:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasında olmalıdırlar.
İştirakçılar imtahana gələrkən yuxarıdakı sənədlə yanaşı "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib gətirməlidirlər. Sənəd şagird tərəfindən imzalanır.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə ediləcək və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.