Həssas əhali qrupuna aid tələbələrin təhsil haqları dövlət tərəfindən ödəniləcək
Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvləri olan tələbələrin təhsil haqqının ödənilməsi nəzərdə tutulub.
Qərara əsasən, müvafiq əhali qrupuna aid edilən tələbələrin təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı http://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbuluna başlanılıb. Həssas əhali qrupuna aid olan tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı yaranmış bir sıra suallara isə Təhsil Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin iyunun 9-da keçirilən onlayn müzakirələr gedişində aydınlıq gətirilib.
Təhsil Nazirliyinin Facebook səhifəsi üzərindən yayımlanan onlayn müzakirələrə moderatorluq edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, son vaxtlar nazirliyin resurslarına bəhs olunan məsələlərlə bağlı çoxsaylı müracətlər daxil olur. Onlayn müzakirənin başlıca mövzusu da sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrin təhsil haqları xərclərinin dövlət tərəfindən ödənilməsi məsələsinə həsr olunub.
Təhsil nazirinin müşaviri Elnur Məmmədov mövzuya keçməzdən əvvəl Azərbaycan təhsil sistemi üçün çox mühüm hadisədən - məsafədən tədrisin aparıldığı ali təhsil müəssisələrində yaz imtahan sessiyasının onlayn keçirilməsi təcrübəsi barədə məlumat verib. Bu hadisənin ali təhsilimizdə bir ilk olduğunu deyən E.Məmmədov bildirib ki, tələbələrimiz bu günlər ərzində yüksək səviyyədə öyrənmə qabiliyyətlərini nümayiş etdiriblər.
Tələbələr ölkə rəhbərliyinin diqqətində
E.Məmmədov xüsusi qeyd edib ki, "həssas əhali qrupuna aid olan tələbələr hər zaman ölkə rəhbərliyinin diqqətində olub. Son illər ərzində cənab Prezident tərəfindən imzalanmış fərman və sərəncamlara əsasən bir neçə qrupdan olan tələbələr üçün bu imtiyazlar təqdim edilmişdir və ödənişli əsaslarla ali, orta, orta-ixtisas, peşə təhsili müəssisələrində təhsil aldıqları təqdirdə onların təhsil xərcləri dövlət tərəfindən ödənilmişdir”.
Bildirilib ki, həssas əhali qrupuna aid olan vətəndaşlar əsasən məcbiri köçkün statusu olan şəxslər, şəhid ailələri statusu olan ailələrdən, Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak və ya əlil olmuş, itkin düşən vətəndaşların ailə üzvlərindən olan tələbələr, eləcə də 1-ci və 2-ci qrup əlilliyi olan, sağlamlıq imkanları məhdud 18 yaşa qədər olan şəxslərdir. E.Məmmədov qeyd edib ki, adıçəkilən əhali kateqoriyasına aid olan tələbələrin təhsil haqları xərcləri dövlət tərəfindən daimi əsasda ödənilir, hazırda ölkədə bu imtiyazlardan yararlanan - ödənişli əsaslarla oxuyan, təhsil haqları dövlət tərəfindən ödənilən 17 min tələbə var.
Təhsil haqları ilə bağlı yeni kateqoriyalar müəyyənləşib
Elnur Məmmədov qeyd edib ki, həssas qruplardan olan tələbələrin təhsil haqlarının ödənilməsində bu il üçün yeni kateqoriyalar əlavə olunub. Onun sözlərinə görə, daimi əsasla təhsil haqqı ödənilən tələbələrlə yanaşı, həssas əhali qrupuna digər kateqoriyalar da daxil edilib: "Ödənişli təhsil alan və kateqoriyalara uyğun olan tələbələr 2020-ci ilin həm yaz, həm də payız sessiyasında elektron portala daxil olaraq təhsil haqlarının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər. Yeni kateqoriyalara ünvanlı sosial yardım alan ailələrin övladları, həmçinin hər iki valideyni və ya tək valideyni birinci və ikinci dərəcəli əlil olan, valideynləri işsiz kimi qeydiyyata alınan, valideynləri yaşa görə əmək pensiyası və sosial müavinət alan tələbələr ödənişlə bağlı müraciət edə bilər”.
Ali məktəblərə yeni qəbul olunacaq tələbələr...
Təhsil nazirinin müşaviri onlayn müzakirə gedişində qeyd edib ki, ali məktəblərə qəbul olunacaq həssas qrupdan olan tələbələr də təhsil haqqı ilə bağlı portala müraciət edə biləcəklər. Onun sözlərinə görə, keçmişdə tələbə olub və təhsil haqqını ödəyə bilməyənlər müraciət edə bilməyəcək. Bu qərar hazırda tələbə olanlara şamil olunur. Sentyabrda - payız semestrində təhsil müəssisələrinə yeni tələbələr qəbul olunacaq və həmin tələbələr həssas qrupdan olarsa, onlar da ödənişlə bağlı müraciət edə biləcəklər. Qeyd edək ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı müraciətlərin iyunun 10-dək davam edib. Lakin tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı məlumatlar təsdiqini tapmırsa, tələbəyə sənədləri dəqiqləşdirmək üçün əlavə vaxt veriləcək. Bu halda iyunun sonuna kimi tələbəyə məlumatlarını dəqiqləşdirmək, ehtiyac olan əlavə sənədləri təqdim etmək imkanı yaradılacaq. Həssas əhali qrupuna aid edilən tələbələrin faktiki maddi durumu ayrıca araşdırılmır. Tələbələr müəyyən olunmuş kateqoriyalara uyğun gəlirsə, ona müsbət cavab verilir.
Tələbələr növbəti semestr üçün təkrar qeydiyyatdan keçməlidir
Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova müvafiq dövlət qurumları ilə inteqrasiya formatında həssas əhali qrupuna aid tələbələrin müraciətlərinə baxılması qaydaları barədə məlumat verib. İyunun 8-dən etibarən portala müraciət edən tələbələrin məlumatları dəqiqləşdirilir və onlara SMS vasitəsilə cavab verilir. O, əlavə edib ki, sosial həssas tələbələr üçün elektron portalda bakalavriat səviyyəsində 18252, magistratura səviyyəsində 1061, ümumi orta təhsil bazasından 2547, tam orta təhsil bazasından orta ixtisas təhsili alan 1939 və peşə təhsili pilləsində təhsil alan 424 nəfər öz ərizələrini təsdiq edib.
N.Səfərova qeyd edib ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr növbəti semestr üçün təkrar qeydiyyatdan keçməlidir. İkinci ali təhsil alan tələbələr isə bu sistemdə qeydiyyatdan keçə bilməz. Digər tərəfdən, həssas qrupdan olan tələbələr sentyabr ayından başlayaraq dekabrın əvvəlinə qədər növbəti semestr üçün yenidən sistem vasitəsilə müraciətlərini yerləşdirə bilərlər. O vurğulayıb ki, ödənişlərlə bağlı yenidən müraciət olunmalıdır: "Çünki dəyişiklik ola bilər. Məsələn, hər hansı tələbənin valideyni iş tapa bilər və ya işləyən işdən çıxa bilər”. Bu səbəbdən də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və http://e-telebe.edu.az vasitəsilə qeydiyyatdan keçə bilməyən tələbələrin sənədinə fərdi şəkildə baxılacaq.