[/code][code]
[/code][code]
[/code][code]
[code][/code]
Direktorların işə qəbulu müsabiqəsinin 22-23 noyabrda keçirilən test imtahanı mərhələsi yekunlaşıb. İmtahanda ən azı 24 sualı cavablayan, yəni minimum 40%-lik nəticə göstərən namizədlər üçün sabah müsahibə mərhələsi baş tutacaq. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.
Ümumi göstəricilər və vakant yerlərin müqayisəli təhlili
Müsahibə mərhələsində 700-dən artıq namizədin iştirakı gözlənilir. Əvvəlki mərhələdə isə 1600-dən çox namizədin iştirak etdiyini nəzərə alsaq, ümumi imtahan göstəricilərinin zəif olduğunu görərik.
Ümumi müsabiqəyə isə 604 vakant yer çıxarılıb. Adətən ayrılan vakant yerlərin bir qisminin müsahibədən sonra boş qaldığını nəzərə alsaq, məlum olar ki, yüzlərlə namizəd müsahibədə uğur qazana bilməyəcək və ya ehtiyat siyahıda saxlanacaq.
Vakansiya sayına görə liderliyi Cəlilabad edir. Burada 35 direktor vakansiyası elan olunub. Ən az vakansiya isə Xızı rayonundadır. Bakı şəhəri üzrə 11, Sumqayıt üzrə 10, Gəncə üzrə isə 2 vakant yer mövcuddur.
Müsahibə üçün hansı sənədlər nə zaman təqdim olunmalıdır?
Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini müsahibə komissiyasına təqdim etməlidirlər. Şəxsi işə elektron ərizənin surəti, diplom və ona əlavə, xaricdə təhsil alanlar üçün diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizədə göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunan surəti aiddir.
Namizədin elektron ərizədə göstərdiyi məlumatlarla təsdiqedici sənədlər arasında uyğunsuzluq aşkar edilərsə nəticələri ləğv ediləcək.
Müsahibədə hansı mövzulara hazır olmaq lazımdır?
Müsahibə zamanı verilən suallar adətən bu istiqamətləri əhatə edir:
Təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri,ümumi təhsilin hüquqi əsasları, ümumi təhsil sahəsində islahatlar, strateji hədəflər və onların həyata keçirilməsi ilə bağlı tədbirlər, ümumi təhsil müəssisələrinin idarə olunması, məktəb sənədlərinin aparılması, tədris prosesinin təşkili, ona rəhbərlik və nəzarət məsələləri, ümumi təhsilin iqtisadi məsələləri, əmək müqaviləsinin bağlanması, ona xitam verilməsinin əsasları və qaydaları, bu zaman işçilərin təminatları, iş və istirahət vaxtı, işçilərin məzuniyyət hüquqları, əmək və icra intizamının təmin edilməsi, onun pozulmasına görə intizam məsuliyyəti və tətbiqi qaydaları, ümumi dünyagörüşü və məlumatlılıq, namizədin təhsilin inkişafı ilə bağlı baxışları, analitik təhlil aparmaq, problem həll etmək və qərar vermək qabiliyyəti, emosional stabillik, situasiyanı adekvat qiymətləndirmə bacarığı, səmimilik, özünü tənqid, özünü qiymətləndirmə, dinləmə və ünsiyyətqurma bacarıqları
Müsahibə mərhələsində namizədlər necə qiymətləndirilir?
Bu mərhələdə iştirak hüququ qazanan namizədlər lazımı sənədlərlə birlikdə müsahibəyə dəvət olunurlar. Bu zaman namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndiriləcək. Bu mərhələ üzrə keçid balı 3 baldır.
Namizədlərin peşəkar kompetensiyaları və ümumi dünyagörüşü qiymətləndirildikdən sonra imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə namizədlər seçdikləri vakant yerlərə yerləşdirilirlər. Amma bu zaman MİQ imtahanlaından fərqli olaraq onların elektron vakant yer seçimi ardıcıllığı nəzərə alınmır
Müsahibədə uğur qazanan namizəd neçə il müddətinə vəzifəyə təyin olunur?
Vakant direktor vəzifəsini tutan namizədlə 1 il müddətinə əmək müqaviləsi bağlanılır. Ümumiyyətlə, direktorun işə qəbulunda müddətsiz müqavilə anlayışı yoxdur. Bu, yalnız müddətli müqavilə əsasında həyata keçirilir.
Həmin müddət başa çatdıqdan sonra isə bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur. Müvafiq müsahibə keçirilib birillik fəaliyyət nəticələri, məktəbin göstəriciləri qiymətləndirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir və ya vəzifə səlahiyyətlərinə xitam verilir.
Keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlərin aqibəti necə olacaq?
Onlar ehtiyat kadr siyahısına daxil ediləcəklər. Ehtiyat kadrlar 2 il müddətinə siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar onlara təklif olunur.
Müsahibədə iştirak edə bilməyənlər üçün təkrar müsahibə keçiriləcək?
Xeyr. İstənilən səbəbdən müsabiqənin hər hansı mərhələsində iştirak edə bilməyən namizəd üçün təkrar imtahan və ya müsahibə keçirilmir.
Müsabiqə ilə bağlı apelyasiya şikayəti nə vaxt olacaq?
Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.
Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.