
Çünki, hətta 600 balla belə ödənişsiz ixtisaslara qəbul olmaq mümkün deyil
Artıq bir neçə gündür ki, ali məktəblərə ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, hələ ki bütün ixtisas qrupu üzrə 28 856 nəfər ərizəsini təsdiq edib.
İxtisas seçimi ilə bağlı proseslərin zəif olduğunu deyən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında bildirib ki, əgər əvvəlki illərdə iştirakçıların böyük əksəriyyəti ixtisas seçimi edirdilərsə, indi hətta yüksək bal toplayan abituriyentlər belə gözləyirlər. Ekspertin sözlərinə görə, bu gözləmənin mənfi və ya müsbət bir tərəfi yoxdur, sadəcə, qeydiyyatın DİM tərəfindən uzadılması baş verə bilər: "Seçimlərin zəif getməsinin səbəbi odur ki, abituriyentlər təhsil haqqının aşağı düşəcəyinə ümid edirlər. Çünki bu il keçirilən qəbul imtahanlarında yüksək bal toplayanların sayı hədsiz dərəcədə çoxdur. Keçən il müəyyən balla ödənişsiz ixtisasa qəbul olmaq mümkün idisə, artıq bu il 1 və 4-cü qrupda hətta 600 balla belə ödənişsiz ixtisaslara qəbul olmaq mümkün deyil. Ona görə də abituriyentlər hələ tərəddüd içərisindədir. Onlar düzgün ixtisas seçimi etməklə yanaşı, istəyirlər ki, ödənişsiz şəkildə təhsil alsınlar”.
Ekspertin sözlərinə görə, builki seçimlərdə hələ ki ciddi problem yaşanmayıb: "Düzdür, DİM bu günlərdə elektron ərizələrin qəbulu ilə yanaşı bir sıra problemlər yaşadı. Çünki abituriyentlərin iki imtahanın nəticəsindən bir dənəsini seçməsi ilə bağlı proqram təminatında müəyyən problemlər olub. Narazılıq doğuran məqam isə qabiliyyət tələb edən ixtisaslarla bağlıdır. Təəssüf ki, qabiliyyət komissiyaları bəzən yüksək bacarığa malik olan abituriyentləri düzgün qiymətləndirmirlər. Konkret olaraq Bakı Musiqi Akademiyasında "Fortepiano” ixtisası üzrə daha yüksək bacarığa malik şəxslərə aşağı bal verilib, amma o qədər də yüksək qabiliyyəti olmayan şəxslər yüksək balla qiymətləndirilib. Qiymətləndirmə zamanı obyektivliyin pozulması ilə bağlı DİM-ə müraciətlər edilib, lakin məsələ hələ ki həll olunmayıb. Ümumilikdə ixtisas seçimi ilə bağlı proses sakit gedir. Təəssüf ki, abituriyentlərin ixtisas seçimində iştirakı çox passivdir.
Düşünürəm ki, bu yaxşı hal deyil, ən azından ona görə ki, imtahanda iştirak edənlərin 50 faizə qədəri ixtisas seçimi etməyib, bu çox aşağı göstəricidir”.
Valideynlərin ixtisas seçimində iştirakının ciddi problemlərdən biri olduğunu deyən K.Əsədov bildirib ki, abituriyentlər bal toplasalar belə ixtisas seçimini özləri etmir, bəzən müəllimlər, valideynlər və digər şəxslər şagirdə müdaxilə edirlər: "Bu çox ciddi problemdir. Nəticə etibarı ilə abituriyent 4 il ərzində istəmədiyi ixtisasda təhsil alır və keyfiyyətsiz kadr əmək bazarına daxil olur. Düşünürəm ki, müəllimlər, valideynlər, bu işlə məşğul olan mütəxəssislər hər bir ixtisasla bağlı tələbəyə geniş izahat verməli və bundan sonra onların seçim etməsinə imkan verməlidir. Kimsə birbaşa əlinə kağız götürüb abituriyentin yerinə ixtisas seçimi etməli deyil. Təəssüf ki, bu xidməti ödənişli edən mərkəzlər və digər şəxslər özləri istədiyi seçimi edirlər. Beləliklə abituriyentlər istəmədiyi ixtisasa qəbul olur və yaxud yüksək bal toplasa belə ali məktəbə daxil ola bilmir.
Dəqiq olaraq deyim ki, bu il 600-dən yüksək bal toplayan 1, 3 və 4-cü qrupda ümumilikdə bir neçə nəfər ali məktəblərə qəbul ola bilməyəcək. Çünki keçən ilki statistik göstərici ilə builki göstərici onu göstərir ki, yüksək bal toplayanalar arasında ixtisas seçimi etməyənlər və ya seçim edib qəbul olmayan abituriyentlər olacaq”.