Öyrədərkən bildiyinizi bildirməyin!- Bunu əvvəllər bacarmırdım...
Təlim prosesində qarşıya qoyulmuş ilk məqsəd öyrətmək yox, güvən qazanmaq olmalıdır. Bəs, güvəni necə qazanaq? Burada ilk şərt anlayışlı olmaqdır.
Uşaq öyrənməkdə çətinlik çəkərsə "bunu mən də əvvəllər bacarmırdım” tipli cümlələr qurmaqla onun güvənini qazana bilərsiniz.
Amerikalı alim Henri Jinott’dan "bu qədər fərqli insan olmanızın kökü haradan gəlir?” deyə soruşulur.
O deyir ki, insanlardan fərqlənməyimin səbəbi anamdır. Uşaq ikən bir dəfə süd şüşəsini soyuducudan götürərkən əlimdən yerə salmışdım. Anam hər yerin süd olduğunu görüb sakitcə mənə yaxınlaşaraq demişdi:
"Henri süddən nə gözəl göl düzəltmisən? Gəl mənimlə bu göldə bir az oynayaq”. Biz bir müddət oynadıqdan sonra anam bir daha dilləndi. "Hər kəs öz dağıtdığını özü təmizləməlidir. İndi bu gölü təmizləmək üçün məndən süngərmi istəyirsən, yoxsa dəsmalmı?”
Mən o an özümü dəyərli hiss etdim. Hər yeri təmizlədikdən sonra anam mənə süd şüşələrini əlimdən yerə salmadan necə götürə biləcəyimi öyrətdi. Bu hadisə mənim digər insanlardan fərqlənməyimə təkan verən ən önəmli hadisə idi.
Doğrudan da biz bəzən uşaqlarda gördüyümüz qüsurlarını onların üzünə "vurmağa” tələsirik. Hansı ki, uşaqlar bu cür insanlara heç vaxt güvənmirlər. Onların öyrətdikləri önəmli məsələlər də uşaqlara mənasız gəlir.
Güvəni qazanmağın digər yolu təvazökarlıqdır. Bəzən uşağa bildiyini bildirməmək, hiss etdirməmək lazımdır. Uşaq yeni öyrəndiyi məlumat haqqında sizə danışarkən ona "bunu heç mən də bilmirdim” tipli ifadə ilə baxın, nəticə sizi təəccübləndirəcək.
Uşaq öyrənmə forması ilə gənc, yetkin şəxsin öyrənmə forması olduqca fərqlidir. Uşağı öz bilgisi ilə əzməyə çalışan, ona güvən, anlayış və təvazökarlıqla yaxınlaşmayan müəllim (tərbiyəçi) "öyrədən” yox, "zərərverəndir”.
Qeyd: Yetkin nevrozların əksəriyyətinin kökündə uşaq vaxtı düzgün alına bilməyən təhsil dayanır.