“Hüquqlarınla parla!” adlı layihə uğurla yekunlaşıb
“Hüquqlarınla parla!” adlı maarifləndirmə layihəsi uğurla yekunlaşdı.
AzTehsil.com- n əldə etdiyi məlumata görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumların tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə layihə çərçivəsində 11 avqust 2025-ci il tarixində başlayan təlimlər 11-17 yaşarası məktəblilərin hüquqi biliklərinin artırılması və maarifləndirilməsi məqsədini daşıyır.
Dövlət Komitəsi ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikası Ombudsman Aparatı, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Sosial Xidmətlər Agentliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən dəstək olunan layihədə, ümumilikdə 300-ə yaxın uşaq iştirak edib.
Bu günə qədər təlimlər Bakı, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan şəhəri, Masallı, Goranboy, Yevlax, Salyan, Saatlı, Sabirabad, İsmayıllı, Şamaxı rayonunda yaşayan uşaqları əhatə edib.
Uşaq hüquqları, uşaqların zərərli informasiyadan qorunması, onlara qarşı zorakılığın mənfi nəticələri, erkən evliliyin fəsadları, fiziki inkişafın təbliği, zərərli vərdişlərdən müdafiə və digər aktual sahələri əhatə edən təlimlərdə Daxili İşlər, Səhiyyə nazirlikləri, Ombudsman Aparatı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təlimçiləri iştirak edib.