AzTehsil.com


Xəbərlər / Saglam həyat
02 may 2022
1 398


Yazda qan təzyiqi niyə oynayır? - Həkimdən AÇIQLAMA




Yazın gəlişi, eləcə də iqlim dəyişikliyi ilə əlaqədar olaraq meteohəssas insanlarda, o cümlədən hipertoniyalı xəstələrdə problemlər baş qaldırır.


Bu fəsildə özünü halsız hiss edən, iştahası kəsilən, qan təzyiqi gün ərzində bir neçə dəfə dəyişən insanlara tez-tez rast gəlmək olur.


ATU-nun Tədris Terapevtik Klinikasının Nevrologiya şöbəsinin müdiri, Nevrologiya kafedrasının dosenti Aygün Musayevanın “səssiz qatil”ə qalib gəlməyin yollarını açıqlayıb. Bu kimi halların insan orqanizminə təsirləri və hansı profilaktik tədbirlər görülməsi ilə bağlı fikirlərini bölüşüb.


A.Musayeva meteoroloji hava şəraitinin ürək-damar xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlərə mənfi təsir göstərdiyini bildirdi. Tibb aləmində bu barədə çoxsaylı tədqiqat işləri, dəyərli araşdırmalar aparıldığını qeyd edib:


“Hava şəraitinin dəyişməsi ilə əlaqədar qan təzyiqində dalğalanmalar müşahidə olunur. Adətən havanın çox isti və ya soyuq olması da təzyiq dəyişikliyinə gətirib çıxarır. Çünki belə hava şəraiti hipertoniyalı xəstələr üçün əlverişsiz hesab olunur”.


Həkim ÜST-ün məlumatına görə, dünyada 1.13 milyard insanın arterial hipertenziyadan əziyyət çəkdiyini və bu cür xəstələrin əksəriyyətinin aşağı və orta gəlirli ölkələrdə yaşadığını söylədi: “Verilən proqnozlara görə, 2025-ci ilədək hipertoniyadan əziyyət çəkən insanların sayının 15-20% artaraq 1.5 milyarda çatacağı ehtimal olunur. Bu isə göründüyü kimi, kiçik rəqəm deyil. Bəzən insanlarda baş verən həyəcanlanmalar, gərginlik və xroniki stress halları da adıçəkilən xəstəliyin yaranmasının əsas amillərindən hesab edilir. Hipertoniya xəstəliyi ürək-damar sisteminin, böyrəklərin və digər orqanların zədələnməsinin aparıcı risk amili və dünyada əsas ölüm səbəblərindən biridir. Arterial hipertenziya xəstəliyinə əvvəllər yaşlılarda rast gəlinirdisə, indi təəssüf ki, gənclər arasında da yayılmağa başlayıb”.


Şöbə müdiri emosional və ya stress vəziyyəti ilə üzləşən insanlarda qan təzyiqinin qısa müddət ərzində kəskin yüksəlməsindən fərqli olaraq, hipertoniyanın ciddi bir xəstəlik olmasına və onun tədricən damar divarlarının zədələnməsinə gətirib çıxarmasına diqqət çəkdi: “Bəzən elə olur ki, xəstələrin bir qismində qan təzyiqi yüksəlir, amma özlərinin bundan xəbəri olmur. Ona görə ki, baş qaldıran simptomlar tibbi yardım göstərmək zərurəti yaratmır. Bu səbəbdən hipertoniyanı "səssiz qatil" adlandırırlar”.


A.Musayeva bildirib ki, çox vaxt xəstəliyin əlamətləri yalnız inkişaf etmiş hipertonik böhranlar zamanı müşahidə olunur:


“Bu zaman qan təzyiqi kəskin şəkildə artır. Xəstələrdə baş ağrısı, ürəkbulanması, başgicəllənmə, qusma, döş qəfəsində ağrılar, nəfəs darlığı, qulaqlarda küy və ümumi zəiflik baş verir. Şübhəsiz ki, arterial hipertoniyanın inkişafında bir amil kimi irsiyyətin də rolu danılmazdır. Əsasən oturaq həyat tərzi sürən və balanslaşdırılmış qidalanma rejiminə əməl etməyən orta və yaşlı nəslin nümayəndələri risk qrupuna aid edilirlər. Xəstəliyin başlanmasını şərtləndirən amillər sırasına siqareti, alkoqoldan sui-istifadəni, psixo-emosional stressi, yüksək xolesterini və qan şəkərini də əlavə etmək olar”.


Həkim bu xəstəliyin profilaktikasından da söhbət açdı, onun əsasən iki yerə bölündüyünü bildirib:


“İlk növbədə hipertoniyanın inkişafının qarşısını almaq üçün bəzi tədbirlər görmək lazımdır. Belə ki, sağlam, amma risk altında olan insanlar gimnastika etməli, orta dərəcədə fiziki fəal olmalı, yəni gəzməli, üzgüçülüklə məşğul olmalı, pəhriz saxlamalıdırlar. Bu zaman duzdan və konservləşdirilmiş qidalardan az istifadə etməlidirlər. Məsləhətdir ki, doymuş yağlarla zəngin qidaların istifadəsi məhdudlaşdırılsın. Qidalanma zamanı balıq məhsullarından, meyvə-tərəvəzdən çox istifadə edilsə, daha yaxşı olar. Eləcə də stresli vəziyyətdən qaçmaq, sağlam bədən çəkisinə və normal istirahətə nəzarət etmək, vaxtı və qədərində yatmaq lazımdır.


Bu sadaladıqlarım birincili profilaktikaya aid edilir. İkincili profilaktika zamanı isə, ciddi riayət etməklə qeyri-dərman müalicəsi (həyat tərzinin dəyişməsi, düzgün qidalanma, gimnastika) və ömürlük təyin edilmiş dərman müalicəsinin (mono və ya kombinasiya terapiyasının seçilməsi) aparılması nəzərdə tutulur. Sağlam həyat tərzi xəstəliyin müalicəsinin ayrılmaz tərkib hissəsidir. Burada xəstələrin öz vəziyyətlərinə məsuliyyətli yanaşması da vacib amillərdən biridir”.


Beləliklə, hipertoniya xəstəliyindən əziyyət çəkənlərdə qan təzyiqinə nəzarət və onun dəyişkənliyi zamanı həkimə müraciət etmək, düzgün qurulmuş istirahət, yuxu rejimi və qidalanma, psixo-emosional sabitlik, pis vərdişlərdən imtina, fiziki fəaliyyət xəstəliyin ağırlaşmalarının qarşısını almaqda və həyat keyfiyyətinin yaxşılaşdırılmasında çox əhəmiyyətlidir.




Загрузка...